"Həyatda bəzi şeylərə gücümün yetmədiyini kiçik yaşlarımda öyrəndim. Çoxumuzun uşaq vaxtı ağlından "Pulu insanlar düzəldirsə, kəsib hamıya niyə paylamır?" keçirdiyini bilirəm. Bu fikrin hələ də dahiyanə olduğunu düşünürəm".
“İki sahil” xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb. Sənətçi qarşılaşdığı çətinliklərdən bəhs edib: "Məncə hamımız həyatımızın bir çox məqamında dünyanı qurtarmaq həvəsinə düşürük. Bütün əziyyətlərə, ağrılara, problemlərə çarə olmaq, acıları doyurmaq, sevgisiz qalanları qucaqlamaq istəyirik. Bir yandan da əsrlər öncə, dünyanın fərqli yerlərində, zamanlarda yaşamış, kitablar yazmış müdrik insanlar, nənə-babalarımız nəsihətlərində eyni şeyləri dilə gətiriblər. Dəyişdirə biləcəklərinizi dəyişdirməyə niyət edin və dəyişdirə bilməyəcəklərinizlə yaşamağı öyrənin. Adam bəzən dünyanı qurtarmaq istəyərkən, sadəcə yaşadığı günü qurtara bildiyinin fərqinə varır və məyus olur. Bir tərəfdən də hər şeyin keçəcəyini bilincə, Allaha inamın tam olunca, insanın içi çilçıraq kimi olur. Allah bütün insanlara arxa, kömək olsun".