11-12 iyun tarixində Lerik Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının birgə təşkilatçılığı ilə Lerik şəhər 2 saylı tam orta məktəbin stadionunda 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş gənclər arasında minifutbol turniri keçirilib.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev və Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov çıxış edərək Milli Qurtuluş Günü və tarixi barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edilib ki, iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Turnirin keçirilməsinin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, onların dünyagörüşünün artırılmasına köməklik göstərmək, minifutbol idman növünü təbliğ etməkdir.
Lerik şəhərini təmsil edən “Gənclik” komandası I yerə, “Şahinlər ” komandası II yerə, Lüləkaran kəndini təmsil edən “Ramo” komandası III yerə laiq görülüb.
Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib. Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev və Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov Medal və Diplomları sahiblərinə təqdim ediblər.