Sentyabrın 1-də Tbilisidə basketbol üzrə Avropa çempionatı keçiriləcək. Gürcüstan hökuməti çempionatı yüksək səviyyədə keçirmək üçün mühüm işlər görür, yeni idman kompleksləri tikir.
"İki sahil" xəbər verir ki, artıq yeni tikilmiş bir idman kompleksi istifadəyə verilib.
Kompleksin açılışında iştirak edən Baş nazir İrakli Qaribaşvili deyib ki, Tbilisi bu və digər beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hazırdır.
Bildirilib ki, A qrupu üzrə oyunlar sentyabrın 1-dən 18-dək Tbilisidə keçiriləcək. İyulun 4-də isə ilk yoxlama oyunu təşkil olunacaq.
Qeyd edək ki, ümumi sahəsi 25 min kvadratmetr olan yeni idman sarayı 10 min tamaşaçı üçün nəzərdə tutulub. Kompleks çoxfunksiyalı idman məkanıdır. Həmçinin istənilən format və miqyaslı idman, mədəni tədbirlərin keçirilməsi üçün bütün tələblərə cavab verir.