14 iyun 2022 13:29
763

Məzahir Əfəndiyev tibb işçiləri ilə görüş keçirib

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfərini edib. Səfər çərçivəsində millət vəkili Göyçay və Ağdaş Mərkəzi Rayon Xəstəxanalarında həkim kollektivi ilə tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş görüş keçirdi.

Qeyd edək ki, bu bayram Azərbaycanda 1918-ci il iyunun 17-də  ilk dəfə Səhiyyə Nazirliyinin yarandığı tarixlə bağlı olaraq, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən ənənəvi olaraq bütün ölkə miqyasında qeyd olunur.

“İki sahil” xəbər verir ki, çıxış zamanı M.Əfəndiyev ilk növbədə tədbir iştirakçılarını qarşıdan gələn peşə bayramı münasibəti ilə təbrik edərək son illər respublikamızın sosial-iqtisadi inkişafının cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini verdiyini, o cümlədən səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlərin həyata keçirildiyini qeyd etdi: “Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir”.

Eyni zamanda deputat heç bir dünya dövlətinin hazır olmadığı COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl tədbirlər  və  düzgün maliyyə təminatı barədə məlumat verdi, habelə qabaqçıl ölkələr tərəfindən tətbiq olunan müsbət təcrübənin öyrənilməsi nəticəsində Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi kimi pandemiya ilə mübarizənin idarə olunması üzrə nümunəvi model nümayiş etdirdiyini xüsusi vurğuladı: “Hər kəsə yaxşı məlumdur ki, bu sahədə əldə etdiyimiz nailiyyətlərdə böyük fədakarlıq nümunəsi ortaya qoymaqla həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür”.

Sonda M.Əfəndiyev bütün həkim kollektivini bir daha peşə bayramı münasibəti ilə təbrik edərək onlara gəkləcək fəaliyyətlərində uğurlar arzuladı, tədbir iştirakçıları isə öz növbələrində millət vəkilinə görüş üçün öz minnətdarlıqlarını bildirdilər.