Son illər Mərkəzi Asiyanın dinamik inkişaf edən, ən böyük dövlətlərindən biri olan Özbəkistanla Azərbaycanın əlaqələri sürətlə inkişaf edir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bu kimi məqamlara toxunub. Sözügedən müsahibədə dövlətimizin başçısı bildirib ki, iki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır: “Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb”.
Prezidentin sözlərinə görə, ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirib. Üstəlik, bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirib və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açıb.

İqtisadi sahədəki artımlar və…
Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi-ticari əməkdaşlıqdır ki, bu da artıq günün tələbləri səviyyəsindədir. Belə ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. İki ölkə arasında tranzit daşımalarında da artım müşahidə olunub. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Hazırda ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib və onlar müxtəlif iqtisadi sektorlarda - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Prezident İlham Əliyev əminliklə vurğulayıb ki, qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək, yeni təşəbbüslərlə zənginləşəcək və Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin mühüm sütunlarından biri kimi xalqlarımızın rifahına xidmət edəcək: “Əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq.” Bununla da dövlətimizin başçısı ölkələrimizin Türk Dövlətləri Təşkilatı, həmçinin digər türk təşkilatları çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcəyini bildirib.
Mədəni və humanitar əməkdaşlığımız
Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq da münasibətlərin ayrılmaz və vacib sahəsidir. Məsələn, 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində “Şuşa Günləri” keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib.
Qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıdığını, Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biri olduğunu xatırladan və işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, keçən il Bakının mərkəzində təməli qoyulmuş 5 hektar sahəsi olan “Özbəkistan” parkı qardaşlığımızın daha bir rəmzinə çevriləcək. Dövlətimizin başçısı, həmçinin bildirib ki, Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulub: “Naxçıvan və Ürgənc arasında yaxın vaxtlarda qardaşlaşmış şəhər münasibətlərinin qurulması planlaşdırılır”. Prezidentin fikrincə, Azərbaycan ilə Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüsləri xüsusilə əhəmiyyətlidir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq
Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqdan danışan Prezident bildirib ki, Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir. Prezident həmçinin vurğulayıb ki, Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir: “Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq”.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar Bakı ilə region arasında münasibətləri yeni mərhələyə keçirib: “Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb”.
Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin oktyabr ayının 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycan və Özbəkistan bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də BMT, İƏT, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir.
Qvami Məhəbbətoğlu, “İki sahil”