21 oktyabr 2026 00:58
129

Çinlə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycana hansı dividendləri qazandırır?

İki ölkə arasında ticarət dövriyyəsii 2015-ci ildə 561 milyon dollar olduğu halda, bu göstərici 2026-cı ilin ilk 7 ayında 2,6 milyard ABŞ dollarına çatıb

Son 10 ildə Azərbaycanın ixrac bazarında Asiya ölkələrinin geniş yer tutması diqqət çəkir. İlk növbədə ona görə ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı zərurət yaratdı ki, Asiya bazarlarında öz yerini möhkəmləndirsin. Yəni, əgər bu gün Avropa Azərbaycanın neft və qaz məhsullarının ixracı üçün ən yaxşı bazardırsa, Asiya isə qeyri-neft sektorunun məhsullarına tələbatın olduğu bazardır. Xüsusilə indi Asiyanın həm ərazi, həm əhali sayına görə ən böyük, eyni zamanda, iqtisadi və hərbi qüdrətinə görə dünyada ikinci yerə sahib olan Çin Xalq Respublikası özünün fövqəlgücünü və liderliyini təsdiq edib.

Xüsusi vurğulamaq lazımdır ki, Çin və Azərbaycan birgə iqtisadi layihələrlə artıq Avrasiyada yeni bir düzən formalaşdırırlar. Belə ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri və səfər çərçivəsində Azərbaycan ilə Çin arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması haqqında Birgə Bəyanatın imzalanması iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sözügedən sənəd siyasi dialoqun daha da dərinləşdirilməsi ilə yanaşı, iqtisadiyyat, nəqliyyat, logistika, enerji, rəqəmsal texnologiyalar, yaşıl enerji və humanitar əməkdaşlıq sahələrində əlaqələrin genişləndirilməsi üçün mühüm hüquqi və siyasi baza formalaşdırıb. Hazırkı mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan–Çin əməkdaşlığının intensivləşməsi yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat arxitekturasının formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Çinə səfəri zamanı əldə edilən razılaşmalar Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini daha da gücləndirərək Çin üçün Cənubi Qafqaz istiqamətində etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Digər tərəfdən, son dövrlərdə Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti nəzərəçarpacaq dərəcədə genişlənib. Çin kapitallı müəssisələr sənaye, nəqliyyat, tikinti, informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji və istehsal sahələrində müxtəlif layihələrin icrasında iştirak edirlər. Xüsusilə Günəş və külək enerjisi layihələrinin, «ağıllı şəhər» konsepsiyalarının tətbiqi, rəqəmsal infrastrukturun inkişafı və sənaye parklarında istehsal müəssisələrinin yaradılması istiqamətində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

Azərbaycanda gördüyümüz istənilən Günəş paneli Çində istehsal olunur. Belə olan halda, heç bir başqa ölkə qiymət və keyfiyyət baxımından Çin istehsalçıları ilə rəqabət apara bilmir.

Təsadüfi deyil ki, hazırda Çin şirkəti tərəfindən Azərbaycanda işləyəcək və ixrac ediləcək Günəş paneli zavodunun tikintisi üçün böyük bir investisiya layihəsi həyata keçirilir. Həmçinin hazırda ikitərəfli əməkdaşlığın ən son mühüm hadisələrindən biri BYD elektrik avtobuslarının birgə istehsalıdır.

Əslində, Azərbaycanın Çinlə iqtisadi və siyasi əməkdaşlığı həm də ona görə önəmlidir ki, müasir Çin iqtisadi gücünə və hərbi -siyasi nüfuzuna görə dünya liderlərindən biridir. Qeyd edək ki, son 20 ildə Çin iqtisadiyyatı  yüksələn xətlə inkişaf edib. Ölkə hazırda dünya iqtisadiyyatının artımında önəmli rol oynayır. Sənaye istehsalının həcmi üzrə lider mövqedə olan Çin dünya istehsalının beşdən birini təmin edir. Xüsusilə ölkənin sosial-iqtisadi inkişafında orta sinifin rolu durmadan artır. Belə ki,  hazırda ölkədə 900 milyon nəfərlik orta sinif mövcuddur və bu rəqəmin 2030-cu ilə qədər 1,2 milyarda çatacağı gözlənilir. Bu dinamika daxili tələbat bazarının sürətlə genişlənəcəyini təsdiq edir.

Asiyanın bu nəhəng dövləti həm də innovativ yenilikləri ilə öyünür. Çin Günəş panelləri, külək turbinləri və elektrik avtomobillərinin ən böyük istehsalçısına çevrilib, qlobal elektrikli avtomobil satışlarının 65 faizi məhz Çində istehsal edilib. Elmi araşdırmalara çəkilən xərclərə və  uğurlu nəticələrə görə Çin dünyada ABŞ-dan sonra ikinci yerdədir. Həmçinin bu gün süni intellekt, biotexnologiya sahələrində də öndədir.

Hazırda iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də nəqliyyat-logistika sahəsidir. Çin Xəzər dənizinə çıxışı təmin edən dəmir yolu layihələrini, həmçinin Qırğızıstan və Özbəkistan üzərindən keçən yeni dəmir yolu xətlərini maliyyələşdirir və bu istiqamətdə böyük həcmdə sərmayə yatırır. Bu, Xəzər hövzəsi və Azərbaycana yük axınının artmasına şərait yaradır. Mərkəzi Asiya ölkələri ilə birlikdə Çindən gələn əlavə yükdaşımalar Orta Dəhlizi daha işlək hala gətirir. Belə ki, 2025-ci ilin yanvar–noyabr aylarında bu marşrutla 466 qatar reysi həyata keçirilib. Hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşurutunda (Orta Dghliz) hərəkət intensivləşib, daşınma müddəti isə təxminən 23 gündən 11 günə qədər azalıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə yükdaşımalar 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner daşımaları 865 min TEU-ya qədər arta bilər. Bu,  ölkəmizin logistik əhəmiyyətini gücləndirməklə yanaşı, qlobal ticarət üçün də dayanıqlı alternativ deməkdir.

Nəqliyyat-logistika sahəsindən başqa, Çin həm də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında iqtisadi əlaqələr son illərdə ardıcıl şəkildə genişlənib və yüksək səviyyəyə yüksəlib. Əgər Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2015-ci ildə 561 milyon dollar olmuşdusa, bu göstərici 2026-cı ilin ilk 7 ayında 2,6 milyard ABŞ dollarına çatıb. Bu il bu dövriyyə daha 4,5 faiz artıb.

Bundan başqa, iki ölkə arasındakı müsbət dinamika investisiya sahəsində də müşahidə olunur. Belə ki, 1995-ci ildən bəri Çindən Azərbaycana birbaşa investisiyaların həcmi 976 milyon dollar təşkil edib. Eyni zamanda, Azərbaycanın Çinə investisiyalarının ümumi həcmi 1,9 milyard dollara çatıb. Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakının genişlənməsi həm də investisiya əməkdaşlığının inkişafının mühüm göstəricisidir.

Görünən odur ki, Azərbaycanın fövqəlgüc ölkələrlə ticarət dövriyyəsini artırması onun həm də regionun lider dövlətinə çevrilməsinə yenqi imkanlar yaradır.  

Elçin Zaman, «İki sahil»