Elman Nəsirov: Ağır cinayətlərə görə cəzasızlığın qarşısının alınması beynəlxalq hüququn mühüm məqsədlərindən biridir
Azərbaycanın ev sahibliyi etdiyi, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin qatıldığı və çıxış etdiyi tədbirlərin hər biri burada səsləndirilən çağırışlarla uzun müddət müzakirə mövzusu olub. Azərbaycanın ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü bu baxımdan diqqətdə oldu.

Azərbaycanın hər zaman ədalətin və beynəlxalq hüququn yanında olması, bütün çağırışlarında bu meyarlara əməl edilməsini, bunun üçün vahid mexanizmin müəyyənləşdirilməsinin vacibliyini bildirməsi dünya güclərinin ikili standartlara əsaslana siyasətinin daha çox gündəmdə yer tutduğu, daha dəqiq desək, Qarabağ münaqişəsinin həllini gözlədiyi zamanlarda biganə yanaşma ilə müşayiət olunsa da, tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda vəziyyət tamamilə fərqlidir. Bu gün Azərbaycanın regionda və dünya siyasətində mövqeyinin, söz sahibliyinin daha da möhkəmləndiyi diqqətdən kənarda qala bilməz. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərə imza atmaqla tarixi ədaləti bərpa etdi, bir daha bu reallığı təsdiqlədi ki, ədalət və beynəlxalq hüquq var, onların tətbiqinə nail olmaq üçün böyük qətiyyət göstərmək, səyləri artırmaq lazımdır. Azərbaycanın 30 illik işğal dövründə dünya güclərinin ikili standartlara əsaslanan siyasətindən heç zaman ruhdan düşməyərək səylərini daha da artırması, ədalətin gec-tez zəfər çalacağına böyük inam göstərməsi bugünkü reallıqlara yol açdı. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, ikili standartlar ədalətsizlikdir, yolverilməzdir. Beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm olmalıdır. BMT-də islahatların aparılmasına, BMT Təhlükəsizlik Şurasının tərkibin dəyişdirilməsinə böyük ehtiyacın olduğunu Azərbaycan lideri bütün beynəlxalq təşkilatların tribunasından bəyan etdi. Təbii ki, bu da səbəbsiz deyildi. Azərbaycan 30 ilə yaxın dünyadan ədalət, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını gözlədiyi halda, bəzən bu sənədlər bəzi ölkələr üçün 1-2 saat ərzində icra edildi. Ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən, özlərinə sərf edən zamanlarda bu prinsipləri gündəmə gətirən, sərf etmədiyi vaxtlarda isə əsassız ittihamları, qeyri-ciddi yanaşmaları ilə diqqəti yayındırmağa çalışan bəzi aparıcı dövlətlər və beynəlxalq təşkilatların riyakarlıqları istər 30 illik işğal, istərsə də postmünaqişə dövrünün mühüm reallıqlarındadır. Prezident İlham Əliyev daim bu çağırışı edir ki, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, təcavüzkarın arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışında da diqqəti bu məsələlərə yönəltdi. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinə dair yanaşma çoxşaxəlidir. Bu, dövlətimizin başçısı İlham Əliyevin münaqişəni təkcə hərbi və siyasi yekun kimi qiymətləndirməyərək daha fundamental hüquqi çağırışlar ortaya qoymasında özünü göstərir. Prezident İlham Əliyev bu kontekstdə mesajlar verdi ki, münaqişə dövründə Ermənistan siyasi rəhbərliyinin verdiyi qərarlar, bəyanatlar, Qarabağda törədilən cinayətlərin hüquqi məsuliyyət məsələsinə baxılmalı və onlar icra olunmalıdır.
Bu, Azərbaycanın Ermənistan üzərində hərbi-siyasi Qələbəsindən sonra formalaşmış yeni reallıqların şərtləridir. Rəsmi Bakı beynəlxalq hüquq və beynəlmiləl cəzalandırma mexanizmlərindən adekvat cavab almadıqca münaqişə dövründə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində hüquqi mexanizmləri özü işə salır. Bu proses Azərbaycanın suveren yurisdiksiyası çərçivəsində həyata keçirilir. Bu proses Azərbaycanın münaqişə dövründə törədilmiş cinayətlərə hüquqi qiymət vermək və cəzasızlığı aradan qaldırmaq siyasətinin mühüm istiqamətidir.
Ermənistan 2020-ci ildəki məğlubiyyətdən sonrakı dövrdən hərbi potensialını bərpa etmək və yeni qarşıdurmaya hazırlaşmaq üçün istifadə edirdi. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatları ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası, separatçılığın regionda sona çatması ilə nəticələndi. Ardınca münaqişə dövründə cinayətlər törətməkdə ittiham olunan separatçı rəhbərlərin Azərbaycan məhkəməsi qarşısına çıxarılması postmünaqişə mərhələsinin hüquqi müstəvisini formalaşdırdı. Prezident İlham Əliyev hüquqi cəza dairəsinin genişləndirilməsini tələb edir. Bu prosesi mahiyyətinə və formasına görə Nürnberq tribunalı ilə müqayisə edən ölkə Prezidenti İlham Əliyev bildirir ki, lakin bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdular. Tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər.
Hazırkı dövrün əsas çağırışları sırasında münaqişə dövründə baş vermiş əməllərə hüquqi qiymət verilməsi, bu məsələnin gündəmdə saxlanılması və perspektivi üçün qiymətləndirmələr aparılmasıdır. Mövzunun aktuallığına səbəb təbii ki, vaxtilə Ermənistan prezidenti olmuş Levon Ter-Petrosyan, Robert Koçaryan və Serjik Sarkisyanın hələ də beynəlxalq hüququn cəza çərçivələrindən kənarda qalmasıdır. Ermənistanın əvvəlki rəhbərliyi – Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları, bu müharibə cinayətkarları və uşaq qatilləri hələ də layiq olduqları cəzanı almayıblar. Hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirmişdir.
Hakimiyyətlərin dəyişməsi keçmişdə törədilmiş cinayətlərin hüquqi məsuliyyətini aradan qaldırmır. Prezident İlham Əliyevin xüsusilə Bakıda müharibə cinayətlərində ittiham olunan şəxslərlə bağlı məhkəmə prosesinin Nürnberq tribunalı ilə müqayisə etməsi Azərbaycanın tarixi ədalətin bərpasına verdiyi önəminin ifadəsidir.
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində Qələbə qazandıqdan sonra regionda yeni siyasi reallıq formalaşdırıb və bu reallığın əsas istiqamətlərindən biri də davamlı sülhə nail olmaqdır. Lakin sülhün dayanıqlı olması üçün keçmişdə baş verən hadisələrin üzərindən sadəcə xətt çəkmək kifayət deyil. Eyni zamanda, dövlət başçısının Avropa Şurası və Avropa Parlamentinə ünvanlandığı tənqidlər beynəlxalq təşkilatların münaqişələrə münasibətdə ardıcıl mövqe nümayiş etdirməsinin vacibliyini gündəmə gətirir. Azərbaycanın irəli sürdüyü əsas siyasi mesaj beynəlxalq hüququn bütün dövlətlərə münasibətdə eyni prinsiplərlə tətbiq olunması, müharibə cinayətlərinin cəzasız qalmaması və münaqişələrin həllində real icra mexanizmlərinin yaradılması zərurətidir.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında da ideoloji təhlükəsizliyin təmin edilməsinin prioritetliyini diqqətə çatdırdı. Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kimə qarşı müharibə aparmışıq. Ermənistanın arxasında onlar dayanmışdılar və bu gün də hərə öz bildiyi formada dayanırlar. Ona görə biz həm Qələbəmizlə, həm cəsarətimizlə, iradəmizlə, xalqımızla, dövlətimizlə fəxr edirik. Ona görə bu da ideoloji təxribatlara qarşı ciddi bir maneədir: “Əlbəttə ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin.”
Azərbaycan hər zaman BMT tribunasından ədalət və beynəlxalq hüquq çağırışlarını edərək, dünya güclərini bunu sözdə deyil, əməldə təsdiqləməyə çağırır. Oktyabrın 19-da Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Tofiq Musayevin BMT Baş Assambleyasının 81-ci sessiyasının altıncı Komitəsində bəyanatla çıxışı da bu tərkibdən oldu. Daimi nümayəndə keçmiş işğalçı rejimin və hərbi komandirlərin Qarabağda dinc sakinlərə qarşı törətdikləri vəhşilikləri və ağır cinayətləri diqqətə çatdırdı. O, bu əməllərin beynəlxalq hüququn və öhdəliklərin ciddi şəkildə pozulması olduğunu vurğuladı. Tofiq Musayev ağır beynəlxalq cinayətlərdə təqsirli bilinən şəxslərin azadlığa buraxılması və ya onlara amnistiya verilməsi ilə bağlı çağırışların tamamilə əsassız və beynəlxalq hüquqa zidd olduğunu bildirdi. Çıxışda işğaldan azad edilmiş ərazilərdə Ermənistanın basdırdığı minalar səbəbindən mülki şəxslərin həlak olması və yaralanması halları, həmçinin keçmiş münaqişədən bəri itkin sayılan minlərlə azərbaycanlının taleyi məsələsi qaldırıldı.
Reallıq budur ki, cəzasız qalan cinayətlər sülhə mane olur, ədalətin təmin edilməsi isə həqiqətin üzə çıxmasına və tarixin təhrif edilməsinə qarşı mübarizəyə xidmət edir. Milli Məclisin deputatı Elman Nəsirov “İki sahil”ə açıqlamasında Azərbaycan Respublikasının BMT-dəki nümayəndəsi Tofiq Musayevin BMT Baş Assambleyasının 81-ci sessiyasının altıncı Komitəsində çıxışı fonunda müharibə cinayətlərinə görə məhkum edilmiş şəxslərin azadlığa buraxılması ilə bağlı çağırışlara münasibətini bildirdi.

“Təəssüf hissi ilə qeyd etmək olar ki, son zamanlar müharibə cinayətlərinə görə və məhkum edilmiş şəxslərə siyasi məhbus adının verilməsi istiqamətində çağırışların sayı xeyli artıb və bu qəbuledilməzdir” söyləyən millət vəkili vurğuladı ki, beynəlxalq hüquq bu hallarda müvafiq mexanizmlərə malikdir. Xüsusilə beynəlxalq hüquqda əsas meyar şəxsin hansı siyasi düşərgəyə mənsub olması deyil, onun konkret əməlləri, həmin əməllərin hüquqi təsnifatı və təqsirin qanuni qaydada sübuta yetirilməsidir. Beynəlxalq humanitar hüquqa görə müharibə cinayətləri törədən, onları əmr edən, planlaşdıran müvafiq şərtlər daxilində törədiilməsinə yardım göstərən şəxslər fərdi cinayət məsuliyyətinə cəlb olunurlar. Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüququn digər normaları ciddi pozuntuların araşdırılması və məsul şəxslərin müvafiq hallarda cinayət məsuliyyətinə cəlb olunmasına görə hüquqi əsaslar yaradır. Bununla yanaşı, münaqişədə iştirak etmiş və ya keçmişdə siyasi hərbi vəzifə tutmuş şəxslər bəzən özlərini ictimai rəydə milli mübarizənin iştirakçıları, siyasi liderlər və milli maraqların müdafiəçiləri kimi təqdim edirlər. Bu halda onların törətdikləri cinayət əməlləri və cinayət ittihamları arxa plana keçirilir, azadlığa buraxılmaları isə siyasi və humanitar tələb kimi irəli sürülür. Bu artıq siyasi manipulyasiya deməkdir.
Elman Nəsirov bu reallığı xüsusi qeyd etdi ki, əsas məsələ yanaşmanın necə olmasıdır. Yanaşma dəyişməz olmalıdır, heç bir ikili standartlardan söhbət getməməlidir. Müharibə cinayətlərinə görə məsuliyyət siyasi simpatiya və antipatiya əsasında deyil, beynəlxalq hüquq və sübutlar əsasında müəyyən edilməlidir. Ağır cinayətlərə görə cəzasızlığın qarşısının alınması beynəlxalq hüququn mühüm məqsədlərindən biridir. Bu istiqamətdə də işlər görülməlidir. Millət vəkili bildirdi ki, o ki qaldı Qarabağda Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş, əli xalqımızın qanına batmış və soyqırım cinayətində iştirak etmiş şəxslərə, onlar Bakıda ədalət məhkəməsi qarşısında cavab verməli oldular. Beynəlxalq hüquq, sübutlar və dəlillər əsasında mühakimə olundular. Onların cinayətləri sübuta yetirildi və hüquqi müstəvidə öz cəzalarını aldılar. Ona görə də bundan sonra reallıqlar fonunda həmin şəxslərin azadlığa buraxılması, onlara siyasi məhbus adı verilməsi tamamilə cəfəngiyyatdır, absurddur və heç bir hüquqi əsası yoxdur.
Qeyd etdiklərimiz bir daha bu qənaətə əsas verir ki, hər bir məsələnin həllində ədalət və beynəlxalq hüquq prinsipləri əsasdır. Azərbaycanın hazırda regionda və dünyada yaratdığı reallıqlar, yeni dünya nizamının formalaşmasında söz sahibliyi ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin nəticəsidir. Azərbaycan bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir. 35 illik müstəqillik tarixində daim dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalan Azərbaycanın bu yanaşmalara, əsassız təbliğatlara cavabı reallıqlarımız olub. O reallıqlar ki, hər bir hədəfə ardıcıllıqla nail olaraq bu gün işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Ölkəmiz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etmədi. Sülh sazişi bir il öncə paraflandı və birgə bəyanat qəbul olundu. Azərbaycan artıq real həyatda sülhü təmin edib.
Nüsrət Məmmədov, “İki sahil”