20 oktyabr 2026 16:40
128

Qubadlı: Zəfərin, igidliyin və yenidən doğuluşun müqəddəs ünvanı

25 oktyabr xalqımızın şanlı hərb tarixinə, eləcə də Vətən müharibəsinin gedişatına böyük dönüş gətirən müqəddəs bir təqvim kimi yazılmışdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Azərbaycanın cənub-qərbində, Həkəri və Bərgüşad çaylarının əhatəsində yerləşən, 802 kvadratkilometr ərazisi, bərəkətli “Yazı düzü”, “Gəyən” və “Məzrə” torpaqları, zəngin təbii sərvətləri və zəngin meşələri olan Qubadlı rayonu zəngin tarixi və iqtisadi potensialı ilə hər zaman xüsusi əhəmiyyətə malik olmuşdur. Lakin 1988-ci ildən başlayan erməni təcavüzü və 1993-cü il avqustun 31-də rayonun tam işğalı ilə bu dilbər guşəmiz ağır fəlakətlərlə üz-üzə qaldı.

İşğal illərində rəsmi İrəvan tərəfindən Cenevrə konvensiyalarına zidd olaraq burada qanunsuz məskunlaşma siyasəti yürüdüldü, xaricdən gətirilən ermənilər üçün Xanlıq kəndində qəsəbə salındı. 30 ilə yaxın müddətdə 30 minə yaxın qubadlılı məcburi köçkün həyatı yaşadı. Rayonun 94 yaşayış məntəqəsi, minlərlə yaşayış evi, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və məscidlər yerlə-yeksan edildi, zəngin təbiəti və infrastrukturu vəhşicəsinə talan olundu.

Lakin 2020-ci ilin payızında rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ədaləti bərpa etdi. Qubadlı əməliyyatı yüksək peşəkarlıq, fədakarlıq və hərbi taktika tələb edirdi. Şəhərə hakim olan strateji yüksəkliklər, eləcə də Xanlıq, Padar, Sarıyataq kimi vacib kəndlər ələ keçirildikdən sonra oktyabrın 25-də Qubadlı şəhəri düşmən tapdağından tam təmizləndi. Ümumilikdə, 44 günlük müharibə gedişində şəhər daxil olmaqla rayonun 41 kəndi azad edildi. Bu döyüşlərdə igidlik göstərən 15.209 hərbi qulluqçumuz dövlət başçısının sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 oktyabr tarixi rəsmi olaraq Qubadlı Şəhəri Günü kimi təsis edildi.

Bu gün Qubadlı özünün yeni inkişaf və intibah dövrünü yaşayır. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na uyğun olaraq rayonda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. 2021-ci ildə istifadəyə verilən 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyası, çəkilən yüksəkgərginlikli elektrik xətləri və fiber-optik internet şəbəkəsi rayonun dayanıqlı enerji və müasir kommunikasiya təminatını reallaşdırıb.

Şəhərdə artıq ilk yaşayış məhəlləsinin – 21 binadan və 176 mənzildən ibarət kompleksin bünövrə işləri tamamlanıb. Bununla yanaşı, Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulması layihələri çərçivəsində sürətli tikinti işləri davam etdirilir. Regionun nəqliyyat infrastrukturunun mühüm halqası olan Qubadlı-Eyvazlı və yeni Qubadlı-Laçın avtomobil yollarının inşası Şərqi Zəngəzurun sosial-iqtisadi dirçəlişinə böyük təkan verir. Həmçinin, dövlət sərhədində nəzarətin və təhlükəsizliyin təmin olunması məqsədilə “Qubadlı” gömrük postu və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi fəaliyyət göstərir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıya mütəmadi səfərləri, təməlini qoyduğu məktəb, xəstəxana, inzibati binalar, su anbarları və yaşayış məhəllələri bu torpaqlara əbədi həyatın, əmin-amanlığın və firavanlığın qayıtdığının əyani sübutudur.

Anar MƏMMƏDOV,

Milli Məclisin deputatı