20 oktyabr 2026 16:00
122

Kürdəmirdə YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

20 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının “Qarasu kənd” , “Mollakənd kənd”, “Qarabucaq kənd” ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş növbəti tədbirlər keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirlərdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, ərazi partiya təşkilatlarının sədrləri və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirləri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov çıxış edərək Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi nitqin əhəmiyyətindən danışıb. Bildirib ki, Qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilməsi ilə xüsusi əhəmiyyət daşıyır. Çıxışda Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin möhkəm təməllər üzərində qurulduğu vurğulanıb. Qeyd olunub ki, Qurultayda irəli sürülən vəzifələr hər bir partiya üzvünün üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan, Yeni Azərbaycan Partiyası üzvləri dövlətçilik prinsiplərinin qorunması, cəmiyyətlə əlaqələrin gücləndirilməsi, vətəndaşların müraciətlərinə həssas yanaşılması və ölkəmizin gələcək inkişafına töhfə verilməsi istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər.

Çıxış edən “Mollakənd kənd” ərazi partiya təşkilatının sədri Təranə Qasımova, Kürdəmir RİH Başçısının Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Siyavuş Kərimov, “Qarabucaq kənd” ərazi partiya təşkilatının sədri İlham Allahverdiyev, Zahid Əhmədov adına Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Xəyalə Qədirova VIII Qurultayın əhəmiyyəti, Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolu, partiya üzvlərinin məsuliyyəti və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini bildiriblər. VIII Qurultayın nəticələrinin əhəmiyyətindən danışaraq qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd ediblər. Bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və dövlətçilik prinsiplərinə sadiqlik hər bir partiya üzvünün fəaliyyətində əsas meyar olmalıdır.

Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.