20 oktyabr 2026 23:16
123

Ədalətsizliyə və təsirsiz mexanizmlərə boyun əyməyən dövlət

Bu gün hüququn aliliyindən danışan bəzi dövlətlər və beynəlxalq təsisatlar müəyyən ölkələrə münasibətdə sərt mövqe nümayiş etdirdikləri halda, digərlərinin qanunsuz əməllərinə göz yumurlar. Məsələn, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair dörd qətnamə (822, 853, 874 və 884 saylı qətnamələr) qəbul etmişdir. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Qarabağa və onun ətrafındakı rayonlara Ermənistan silahlı qüvvələrinin hücumunu pisləmiş, bu hücumların bölgədə sülhü və sabitliyi təhlükə altına aldığını vurğulamış, zəbt olunmuş torpaqlardan qoşunların qeyd-şərtsiz çıxarılmasını və məcburi köçkün düşən əhalinin evlərinə dönməsinə imkan yaradılmasını tələb etmişdi. Lakin Ermənistan bu tələbi yerinə yetirməmişdi.  BMT də bu məsələdə israrlı olmamışdı. Başqa sözlə desək, işğala son qoyulması və müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsi ilə bağlı heç bir addım atılmamışdı. Beynəlxalq hüququn prinsipləri təsdiqlənsə də, həmin prinsiplərin müdafiəsi üçün zəruri siyasi təsir mexanizmləri işə salınmamışdı. Halbuki BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarını qəbul və icra etməli idi. Bütün bunlara baxmayaraq, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyünə hörmət və sərhədlərin toxunulmazlığına əsaslanan mövqeyindən geri çəkilmədi. Ölkəmiz siyasi, iqtisadi və hərbi potensialını gücləndirərək milli maraqlarını qorumaq istiqamətində ardıcıl siyasət həyata keçirdi.

Yeri gəlmişkən, məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də imitasiya xarakteri daşıdı. İşğal olunmuş əraziləri illərlə mənasız protokollarla gəzib-dolaşan, status-kvonu qorumaqdan başqa heç bir işə yaramayan bu qrupun həmsədrləri mövcud vəziyyəti olduğu kimi saxlamaq, Azərbaycan torpaqlarının ilhaqını rəsmiləşdirmək istəyirdilər. Üstəlik münaqişənin hərbi yolunun olmamasını iddia edirdilər. Azərbaycan bu reallıq qarşısında öz taleyini başqalarının qərarlarından və nəticəsiz vədlərindən asılı vəziyyətdə saxlamağı qəbul etmədi. Odur ki, özü bu məsələnin icraçısı qismində çıxış etdi. Belə ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünün bərpa etdi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu. Azərbaycan özü təkbaşına həm işğala son qoydu, eyni zamanda, bölgədə yeni reallıqlar yaratdı. Bununla da Azərbaycan ədalətsizliyə və təsirsiz beynəlxalq mexanizmlərə boyun əyməyən, öz taleyini müstəqil şəkildə müəyyənləşdirən dövlət olduğunu sübut etdi. 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton şəhərində baş tutmuş görüşdən sonra ATƏT-in Minsk qrupunun, həmçinin onunla bağlı strukturlarn ləğvinə, daha doğrusu, onun tarixin zibilliyinə atılmasına dair qərar qəbul edildi və o da həmin il dekabrın 1-də icra olundu. Diplomatiya tarixində riyakarlığın sinonimi kimi yadda qalan Minsk qrupunun de-yure ləğv edilməsi Azərbaycan diplomatiyasının ciddi uğurlarından biri kimi dünya tarixinə düşdü. Halbuki bəzi dairələr bu qrupun mövcudluğunu qoruyub saxlamaq, ondan növbəti təxribatlar üçün istifadə etmək istəyirdilər. 

Bu məqamda Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə dediyi sözləri xatırlatmaq yerinə düşərdi: “BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”.

Ölkəmizin təcrübəsi göstərdi ki, milli maraqların qətiyyətlə müdafiəsi, beynəlxalq hüquqa hörmət və güclü dövlətçilik siyasəti bir-birini tamamlayan amillərdir. Azərbaycan nə beynəlxalq hüquqdan imtina edir, nə də onun selektiv tətbiqi ilə barışır. Əksinə, ölkəmiz hüququn aliliyinin real məzmun qazanmasını, bütün dövlətlərə münasibətdə ədalətli və bərabər yanaşmanın təmin olunmasını müdafiə edir. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlət müstəqilliyini daha da möhkəmləndirmək, regional sülh və əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Azərbaycan öz siyasəti ilə bir daha nümayiş etdirdi ki, heç bir təzyiq, əsassız ittiham və nəticəsiz beynəlxalq mexanizm müstəqil dövlətin iradəsini sındıra bilməz. Azərbaycan öz milli maraqlarına, xalqının iradəsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq gələcəyə doğru inamla irəliləyir.

Qvami Məhəbbətoğlu, “İki sahil”