20 oktyabr 2026 23:37
125

Azərbaycanın suveren siyasi iradəsi strateji tərəfdaşlığın əsas meyarıdır

Politoloq: “Bir millət, iki dövlət” prinsipi bir dövlətin digərinin daxili və xarici siyasətinə müdaxiləsi deyil, iki müstəqil dövlətin qarşılıqlı hörmət və həmrəylik əsasında əməkdaşlığıdır

Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq münasibətlərdə müstəqil qərarvermə hüququnun təmin edilməsidir. Bu baxımdan istənilən dövlətlə qurulan tərəfdaşlıq münasibətləri, hətta ən yaxın müttəfiqlərlə əlaqələr belə, ilk növbədə, Azərbaycanın milli təhlükəsizlik prioritetləri və strateji hədəfləri ilə uzlaşmalıdır. Çünki müttəfiqliyin gücü tərəflərdən birinin digərinin siyasi iradəsinə tabe olması ilə deyil, qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlar əsasında müəyyənləşir.

Azərbaycan - Türkiyə münasibətləri bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Tarixi, mədəni və mənəvi bağlarla yanaşı, hərbi, iqtisadi və siyasi sahələrdə genişlənən əməkdaşlıq iki ölkənin regional mövqelərinin güclənməsinə mühüm töhfə verir. Bununla belə, strateji müttəfiqlik anlayışının mahiyyəti tərəflərin bütün regional və beynəlxalq məsələlərdə eyni mövqedən çıxış etməsini tələb etmir. Hər bir dövlətin öz coğrafi mövqeyindən, təhlükəsizlik mühitindən və uzunmüddətli maraqlarından irəli gələn fərqli prioritetləri ola bilər. Bu fərqlərin nəzərə alınması münasibətləri zəiflətmir, əksinə, onların daha sağlam və davamlı əsaslar üzərində inkişafına şərait yaradır.

Müasir geosiyasi şəraitdə dövlətlərin xarici siyasət qərarları yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Yaxın Şərqdə, Şimali Afrikada və digər həssas bölgələrdə baş verən proseslər göstərir ki, regional güclərin xarici siyasət addımları bəzən uzunmüddətli təhlükəsizlik və siyasi sabitlik baxımından mürəkkəb nəticələr doğura bilər. Sudan, Liviya və Suriya kimi ölkələrin təcrübəsi xarici müdaxilələrin, rəqabət aparan geosiyasi maraqların və silahlı münaqişələrin yaratdığı risklərin nə qədər mürəkkəb olduğunu göstərir. Bu proseslərdən çıxarılan əsas nəticə ondan ibarətdir ki, hər hansı regional strategiyanın uğuru onun başqa coğrafiyalarda tətbiqindən deyil, konkret ölkənin reallıqlarına və milli maraqlarına nə dərəcədə uyğun olmasından asılıdır.

Azərbaycan üçün də bu yanaşma prinsipial əhəmiyyət daşıyır. Cənubi Qafqazın mürəkkəb təhlükəsizlik mühiti, regionda davam edən geosiyasi rəqabət və nəqliyyat - kommunikasiya marşrutlarının strateji əhəmiyyəti xarici siyasətdə ölçülüb - biçilmiş qərarların qəbulunu zəruri edir. Ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələlərdə əsas meyar Azərbaycanın öz dövlətçilik maraqları olmalıdır. Hər hansı müttəfiqin regional prioritetləri ilə Azərbaycanın maraqlarının üst - üstə düşdüyü məqamlarda əməkdaşlığın dərinləşdirilməsi təbii olduğu kimi, fərqli yanaşmaların mövcud olduğu məsələlərdə milli mövqenin qorunması da suveren dövlətin legitim hüququdur.

Bu mənada Azərbaycanın güclü ordusu, iqtisadi imkanları və müstəqil diplomatik xətti xarici siyasətdə manevr imkanlarını genişləndirən əsas amillərdir. Dövlətin gücü yalnız hərbi potensialla ölçülmür. Eyni zamanda, beynəlxalq münasibətlərdə müstəqil qərar vermək, tərəfdaşlarla danışıqları milli maraqlar əsasında aparmaq və müxtəlif güc mərkəzləri ilə münasibətlərdə tarazlığı qorumaq bacarığı da suverenliyin mühüm göstəricilərindəndir.

Azərbaycan - Türkiyə əlaqələrinin gələcək inkişafı da məhz bu prinsiplər əsasında daha dayanıqlı xarakter ala bilər. İki ölkə arasında strateji müttəfiqlik qarşılıqlı dəstək və ortaq maraqlara söykənir. Lakin bu münasibətlərin davamlılığı ideoloji yaxınlığın siyasi tabeçilik kimi qəbul edilməsindən deyil, tərəflərin bir-birinin müstəqil dövlətçilik iradəsinə hörmət göstərməsindən asılıdır. Azərbaycanın xarici siyasət seçimləri Ankara ilə münasibətlərin əhəmiyyətini azaltmadan, milli maraqların qorunmasını əsas prioritet kimi saxlamalıdır.

Azərbaycan - Türkiyə münasibətlərində strateji müttəfiqliyin qorunması ilə Azərbaycanın müstəqil siyasi iradəsinə hörmət arasında tarazlığın saxlanılması hazırkı müzakirələrin əsas istiqamətlərindəndir. Son günlər Türkiyənin bəzi media resurslarında və ayrı - ayrı siyasi dairələrində Azərbaycanla bağlı səsləndirilən fikirlər də bu məsələnin aktuallığını artırır. Belə bir şəraitdə fikir ayrılıqlarının mahiyyətini, onların ictimai müstəviyə daşınmasının mümkün nəticələrini və iki ölkə arasında münasibətlərin sağlam əsaslar üzərində qorunmasının əhəmiyyətini dəyərləndirmək vacibdir.

Politoloq Yusif Bağırzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycan - Türkiyə münasibətləri ortaq tarixə, mədəniyyətə, qarşılıqlı dəstəyə və strateji müttəfiqliyə əsaslanır. Lakin bu yaxınlıq Azərbaycan dövlətinin müstəqil xarici siyasət kursunu və milli maraqlarını müəyyənləşdirmək hüququnu heç bir halda məhdudlaşdırmır. Son günlər Türkiyənin bəzi media resurslarında, eləcə də ayrı - ayrı siyasi xadimlərin çıxışlarında Azərbaycanla bağlı səsləndirilən ittihamlar bu prinsipin əhəmiyyətini yenidən gündəmə gətirib.

Politoloqun sözlərinə görə, burada əsas məsələ fikir ayrılıqlarının mövcudluğu deyil, onların hansı formada ifadə olunmasıdır. İki müttəfiq dövlət arasında müəyyən məsələlərə fərqli yanaşmaların olması təbiidir. Azərbaycan dünyəvi dövlət quruluşuna, konstitusion prinsiplərə və milli maraqlara əsaslanan müstəqil siyasət yürüdür. Türkiyə ilə strateji tərəfdaşlıq isə bu müstəqilliyin alternativi deyil, qarşılıqlı maraqlar əsasında inkişaf edən münasibətlər sistemidir. Buna görə də dini, ideoloji və ya siyasi məsələlərin Azərbaycan cəmiyyətinə kənardan diktə etmək vasitəsinə çevrilməsi qəbuledilməzdir.

Y. Bağırzadə hesab edir ki, xüsusilə narahatlıq doğuran məqamlardan biri bəzi açıqlamalarda tənqid həddinin aşılması və təhqiramiz ifadələrə yol verilməsidir. Siyasi fikir ayrılıqları dövlət başçılarına, xalqlara və tarixi şəxsiyyətlərə qarşı hörmətsizlik üçün əsas ola bilməz. Media və siyasi dairələr məsuliyyətli davranmalı, ictimai rəyi emosional qarşıdurmaya deyil, faktlara və konstruktiv müzakirəyə yönəltməlidirlər.

Bununla yanaşı, politoloq ayrı-ayrı media nümayəndələrinin və siyasi xadimlərin mövqeyini bütövlükdə Türkiyə dövlətinin və ya türk xalqının münasibəti kimi təqdim etməyin düzgün olmadığını diqqətə çatdırdı. Türkiyənin xarici işlər naziri Hakan Fidan da oktyabrın 15-də Bakıda çıxışı zamanı iki ölkə arasındakı fikir ayrılıqlarının sosial şəbəkələrdə təbliğat predmetinə çevrilməməli, birbaşa dialoq vasitəsilə müzakirə edilməli olduğunu bildirib.

Politoloqun fikrincə, Azərbaycan və Türkiyə üçün strateji müttəfiqliyin qorunması təkcə tarixi və mənəvi məsələ deyil, həm də regional sabitlik və təhlükəsizlik baxımından mühüm amildir. Buna görə də yaranmış narazılıqlar qarşılıqlı ittihamlarla dərinləşdirilməməli, diplomatik dialoq və siyasi məsuliyyət əsasında aradan qaldırılmalıdır.

Y. Bağırzadə vurğuladı   ki, “Bir millət, iki dövlət” prinsipi bir dövlətin digərinin daxili və xarici siyasətinə müdaxiləsi deyil, iki müstəqil dövlətin qarşılıqlı hörmət və həmrəylik əsasında əməkdaşlığıdır. Əsl müttəfiqlik fərqli mövqeləri qəbul etmək, qarşılıqlı həssaslıqlara hörmət göstərmək və problemləri ictimai qarşıdurmaya çevirmədən həll etmək bacarığında özünü göstərir.

Nigar Orucova, “İki sahil”