14 iyun 2022 17:08
905

İsmayıllıda Milli Qurtuluş Günü qeyd olunub - FOTO

YAP İsmayıllı rayon təşkilatında 15-İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.

“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları İsmayıllıda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, dahi liderə hörmət və ehtiramlarını bildirdilər.

Çıxışçılar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, uzaqgörən daxili və xarici siyasətini, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətlərindən danışdılar.

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov 15 İyun - Milli Qurtuluş Gününün əhəmiyyətindən danışdı. Bildirdi ki, hər bir xalqın milli oyanış, yaddaşa qayıdış, əbədi istiqlaliyyət tarixində unudulmaz anları olur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 1993-cü il 15 iyun Azərbaycan xalqının mücadilə tarixinə böyük Qayıdış və Qurtuluş nidası ilə həkk olundu.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyəti gərginləşdi, hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Ölkədə hakimiyyət boşluğu yaranmış, rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşmişdi. 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayandı. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul etdi, iyunun 9-da Bakıya gəldi. Qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu günü Milli Məclis 1997-ci ilin iyununda bayram elan etdi.

Sədr onu da qeyd etdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur. Bir sözlə, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti və şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil etmişdir. Hər bir azərbaycanlının taleyində ulu öndər Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Ulu Öndərin siyasi irsi onun layiqli varisi, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.