Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və Kürdəmir rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
“İki sahil” xəbər verir ki, tədbirdən öncə 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar kitab sərgisinə baxış keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, YAP Kürdəmir rayon təşkilatının, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Sevinc Həsənova açaraq bildirmişdir ki, Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə tarixi qayıdışıdır: “15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndərimiz Heydər Əliyev Ali Sovetin sədri seçilməklə Azərbaycanın müstəqilliyi real təhlükədən qurtardı.”
Tədbirdə Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli, Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sahilə Müseyibova çıxış etmişlər. Natiqlər çıxışlarında bildirmişlər ki, 1991-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çətin, ağır bir mərhələyə qədəm qoymuşdu. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında toqquşmalar baş verir, Azərbaycan xalqı torpaqlarımız uğrunda erməni silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Hər addımda ölkədə qanun pozuntusu və cinayət törədilməsi adi hal alır, iqtisadiyyat dağılır və talan edilir, elm, təhsil və mədəniyyət tamamimilə diqqətdən kənarda qalırdı. Ölkəmizi 1991-1993-cü illərdə üzləşdiyi çətin vəziyyətdən çıxaran və o zamandan etibarən xalqımızın ümid yerinə çevrilən Yeni Azərbaycan Partiyası hər bir azərbaycanlının iftixar etdiyi siyasi təşkilatdır. Azərbaycan xalqının düçar olduğu bu çətin vəziyyətdən çıxması üçün Respublikanın hər yerindən xalqın müxtəlif zümrələri tərəfindən, o zaman Naxçıvan Ali Məclisinin sədri olan Ulu Öndər Heydər Əliyevə müraciətlər edilərək, Onun yenidən siyasi hakimiyyətə qayıtmasını və xalqı bu bəladan qurtarmasını istəyirdilər. Heydər Əliyev xalqın dözülməz çətin vəziyyətdə olduğunu dərindən dərk etdiyinə və öz xalqına olan sonsuz məhəbbətinə görə ziyalıların təklifini qəbul etmişdir. Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi. 1993-cü il iyunun 9-da Bakıya gəldi.
Çıxışçılar bildirmişlər ki, məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı, həmin gün xalqımızın tarixinə Milli Qurtuluş kimi daxil oldu. Ümummilli Liderimiz Heydər Əliyev tarixi vəziyyətin şərtlərini dəqiq qiymətləndirməyi bacaran qüdrətli bir şəxsiyyət kimi ictimai-siyasi sabitlik üçün həm də iqtisadi təməl yaratmağa müvəffəq oldu. Ölkədə bazar iqtisadiyyatının prinsipial qanunauyğunluqlarına istinad edən iqtisadi münasibətlər sisteminin formalaşdırılması, sosial həyatda baş verən dəyişikliklər bir tərəfdən artıq əldə edilmiş və möhkəmlənən sabitliyin nəticələri kimi özünü göstərirdisə, digər tərəfdən, bu sabitliyin uzunömürlülüyünə təminat yaradırdı.
Natiqlər vurğulamışlar ki, bu gün Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Qüdrətli Azərbaycanın daha da güclənməsi, inkişafı naminə cənab İlham Əliyevin liderliyi altında qarşıda mühüm vəzifələr gözləyir.
Sonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İstedad” baxış müsabiqəsində 3 nominasiya üzrə qalib gələn məktəblilər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.