15 iyun 2022 16:27
572

Goranboyda “Qurtuluşdan-Zəfərə doğru” adlı ümumrayon tədbiri keçirilib - FOTO

Goranboy rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında   15 iyun-Milli Qurtuluş Günü ilə bağlı  “Qurtuluşdan-Zəfərə doğru” ümumrayon tədbiri keçirildi.

“İki sahil” xəbər verir ki, tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, YAP rayon fəalları, Şəhid ailələri və Qazilər, rayonun xidmət sahələrinin və  ictimai təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Təbdir iştirakçıları öncə  Müasir Müstəqil Azərbaycan Respublikasının qurucusu Ümummilli Lider Heydər Əliyevin Goranboy şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək  Dahi Şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP rayon təşkilatının sədri Elçin İsmayılov, Şəhid anası Nailə Məmmədova və Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəsi Gündüz Hacıyev Azərbaycan xalqının dahi oğlu, Azərbaycançılıq məfkurəsinin və müasir dövlətçilik ənənələrinin banisi, Müasir və Müstəqil Azərbaycan dövlətinin qurucusu və xalqımızın xilaskarı Ümummilli Liderimiz Heydər Əliyevin xalqına həsr olunmuş mənalı ömür yolu və dövlət idarəçiliyi ideyaları barədə geniş nitq söylədilər.

Sonra Heydər Əliyev Mərkəzi önündə rəsm və əl işləri sərgisi, gənc idmançıların  çıxışları və mədəniyyət, incəsənət nümayəndələrinin ifasında bayram konserti nümayiş etdirildi. Tədbirdə,  müxtəlif müsabiqələrdə, o cümlədən fənn olimpiyadalarında, musiqi və idman yarışlarında fərqlənən məktəblilərə  rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.