18 iyun 2022 10:42
837

Amerikalı səyyah Qarabağın turizm potensialını yüksək qiymətləndirib

Qarabağın populyar turizm istiqamətinə çevrilməsi üçün böyük potensialı var.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Florida ştatından olan səyahətçi Luiza Yu bir qrup beynəlxalq səyahətçinin Qarabağa səfəri zamanı deyib.

"Biz artıq üç gündür ki, Qarabağdayıq və mən buradakı mənzərədən heyranlıq duyuram. Təbiət çox heyrətamizdir. Məni ən çox Azıx mağarası və buranın təbiəti heyrətləndirib", - deyə o bildirib.

Onun sözlərinə görə, Qarabağın turizm məkanına çevrilməsi üçün vaxt tələb olunacaq, amma onun böyük potensialı var.

"Azərbaycanın burada reallaşdırdığı təşəbbüslər çox vacibdir. Məsələn, cəmi bir il ərzində reallaşdırılmış "ağıllı kənd" layihəsi", - L.Yu deyib.

Qeyd edək ki, bir qrup beynəlxalq səyahətçi erməni işğalından azad edilmiş Zəngilanın Ağalı “ağıllı kəndi”ndə olub. 10 ölkədən 24 səyahətçi və blogerdən ibarət qrup Ağalı kəndində “ağıllı həllər”lə tanış olublar.