Fövqəladə Hallar Nazirliyinin və 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə “ASAN” könüllüləri FHN Akademiyasının fəaliyyəti ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd “ASAN” könüllülərin FHN-in, o cümlədən FHN Akademiyasının fəaliyyəti barədə məlumatlandırılması, eyni zamanda könüllülərin fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı maarifləndirilməsi olub.
Əvvəlcə, könüllülər FHN Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Sonra qonaqlarla görüşən FHN Akademiyası rəisinin müavini polkovnik İlham Babaşov tədbirin əhəmiyyətindən danışıb, könüllülərə FHN-in fəaliyyəti, strukturuna daxil olan qurumlar, müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verib. Könüllülərə, həmçinin ali təhsil müəssisəsinin yaranma tarixi, strukturu, təlim-tədris prosesi barədə ətraflı məlumat verib.
Görüşdən sonra “ASAN” könüllüləri Akademiyanın Muzeyi, fənn kabinetləri, laboratoriyalar və Akademiyanın kitabxanası ilə tanış olublar.