20 iyun 2022 16:42
953

Pənahəli xanın başdaşı bərpadan sonra geniş ictimaiyyətə təqdim edilib - FOTO

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Qarabağ xanlığının qurucusu, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirin (1693-1763) başdaşı bərpadan sonra geniş ictimaiyyətə təqdim edilib.

Muzeydən “İki sahil”ə verilən xəbərə görə, “Şuşa ili” çərçivəsində keçirilən tədbirdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov, AMEA-nın Rəyasət Heyəti aparatının məsul əməkdaşları, KİV, ictimaiyyət və mədəniyyət nümayəndələri, eləcə də muzey əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə akademik Nailə Vəlixanlı açaraq qeyd edib ki, son illər Milli Azərbaycan Tarixi Muzeyində Qarabağ, o cümlədən Şuşa şəhərinin tarixi və mədəniyyəti ilə bağlı zəngin kolleksiyanın toplanması, tədqiqi və təbliği sistemli şəkil alıb.

N.Vəlixanlı, həmçinin zalda Qarabağ və Şuşa tarixi ilə bağlı bir sıra digər unikal eksponatların da nümayiş olunduğunu vurğulayıb. Bildirib ki, bu gün ilk dəfə üzərində Qarabağda zərb edilməsi barədə yazı olan XIV əsrin gümüş pulu, Qarabağ xanlığının “panabadi” pulları, Şuşa qala qapılarının iki gümüş açarı, İbrahimxəlil xanın (1763 -1806) hakimiyyət rəmzi olan şeşpəri, nadir sənəd, foto və rəsmlər, musiqi alətləri, şair Molla Pənah Vaqifin məqbərəsi inşa edilən zaman tikinti yerində aşkarlanan gil qab və başqa dəyərli eksponatlar da nümayiş olunur.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, bu sərgi ictimai, siyasi və tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir. İ.Həbibbəyli muzeydə Qarabağ xanı Pənahəli xan Cavanşirin başdaşının bərpadan sonra ilk dəfə geniş ictimaiyyətə təqdim olunmasının təqdirəlayiq, tarixi bir hadisə olduğunu xüsusilə vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva isə nümayiş olunan Qarabağ və Şuşa tarixi ilə bağlı eksponatların həmin dövrün araşdırılması, tədqiqi və təbliği baxımından tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, sərginin kuratoru, t.ü.f.d,, dosent Səbuhi Əhmədov qeyd edib ki, muzeyin Bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən müasir vasitə və üsullar istifadə edilərək təmizlənib, zədəli yerləri bərpa edilib. Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində zal ayrılıb, burada İmarət qəbiristanlığındakı türbənin maketi hazırlanıb və başdaşı qurulub. Həmçinin zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilib.

Qeyd edək ki, Pənahəli xan Ağdamın İmarət qəbiristanlığında dəfn edilmiş, qəbri üzərində türbə inşa olunub. Pənahəli xanın türbəsi haqqında ilk elmi məlumatlar 1940-cı illərdə verilsə də, yalnız 1970-ci illərdə onların əsaslı şəkildə tədqiqi həyata keçirilib. Türbədə xanın qəbri üzərində olan başdaşı 1974-cü ildə Bakıya gətirilib, Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.