28 iyun 2022 17:53
1074

Azərbaycan kitabları “Kitab sənəti” müsabiqəsində qalib olub

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə keçirilən “Kitab sənəti” adlı Beynəlxalq kitab müsabiqəsində Azərbaycan kitabları qalib gəlib.

Bu barədə “İki sahil”ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqə 24-26 iyun 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində baş tutub.

Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan və Ermənistan nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün təqdim olunmuşdur. Müsabiqəyə 7 ölkə üzrə 67 adda kitab təqdim olunub. Ölkəmizi sözügedən müsabiqədə Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin baş məsləhətçisi, eyni zamanda MDB İcraiyyə Komitəsinin Azərbaycandakı sədri İslam Hüseynov təmsil edib.

Müsabiqədə Azərbaycan 3 nominasiya üzrə 1-ci, 4 nominasiya üzrə 2-ci yer, 2 nominasiya üzrə 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunacaq.