Beynəlxalq Muğam Mərkəzi Mərakeşdə keçiriləcək mötəbər tədbirə dəvət alıb. 22-29 oktyabr tarixlərində Mərakeşin milli-mənəvi mərkəz şəhəri sayılan Fəsdə keçiriləcək 15-ci Beynəlxalq Sufi Mədəniyyəti Festivalında (festivalculturesoufie.com) BMM-nin solistləri də çıxış edəcək. Sufi mədəniyyətini orijinal şəkildə təqdim edən festivalda solistlərimiz muğam sənətimizin möhtəşəmliyini nümayiş etdirəcəklər. BMM-nin kollektivi festivalın açılış mərasimində və sonrakı günlərdə konsertlərlə çıxış edəcək.
“İki sahil” xəbər verir ki, Fəs Sufi Festivalı dünyanın hər yerindən musiqi və sənətkarları bir araya gətirir. Tamaşaçılar ritual tamaşalara, filmlərə və şərq incəsənətinə baxmaq, həmçinin Mərakeş, Misir, Suriya, İran və Türkiyə və dünyanın müxtəlif ölkələrindən qatılan musiqiçilərinin ifasında poeziya və sufi musiqisini dinləmək üçün toplaşırlar. Festival Mərakeşin ən maraqlı və orijinal mədəni tədbirlərindən biridir. Dünyadakı bütün auditoriyalara açıq olan təsəvvüf mədəniyyətinin ötürülməsi ruhunda festivalı təsəvvüf mədəniyyəti irsinin, onun əsərlərinin, sənət və sənətkarlıq nümunələrinin təbliğini həyata keçirir. Festival çərçivəsində dəyirmi masalar, konsertlər, sənət sərgiləri, masterclass təşkil olunur.
Qeyd edək ki, BMM öz fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verir. Səfirliklərlə əlaqələr və xarici festivallarda iştirak mədəniyyətlərin qarşılıqlı təbliğinə həmçinin muğam sənətinin və bütövlükdə Azərbaycan musiqisinin təbliğinə töhfə verir. Xarici dövlətlərlə musiqi sahəsində fəaliyyət göstərən qurumlarla əlaqələrin qurulması və eyni zamanda beynəlxalq əməkdaşlıq BMM-nin də prioritet istiqamətlərindən biridir. Bu günə kimi BMM-nin solistləri Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM -nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib.