09 iyul 2022 12:57
952

Vətən müharibəsinin şəhid ailələri ziyarət edilib

09 iyul 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini Məcid Əhmədov, məsul əməkdaşı Vüqar Nəsirov və Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov Qurban bayramı münasibətilə rayon ərazisində yaşayan Vətən müharibəsinin şəhid ailələrini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, şəhid ailələri ilə görüş zamanı YAP Pirallahı rayon təşkilatının sədr müavini Məcid Əhmədov müsəlmanların milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə onları təbrik edərək, 44 günlük Vətən müharibəsindən, qazanılan şanlı Qələbədən, Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. Natiq xüsusi vurğulayaraq bildirib ki, müqəddəs savaşda tarixi Qələbə, şübhəsiz, ilk növbədə bu yolda canından-qanından keçən, hər addımında bütün varlığı ilə doğma torpağına bağlı olduğunu sübut edən igid Azərbaycan əsgərinin şücaəti hesabına əldə olunub. Şəhid ailələri və qazilərimiz daim diqqət və qayğı ilə əhatə olunmalıdır və həmişə belə olacaqdır.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçilari və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq göstərişlərinə əsasən aidiyyəti dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə mütəmadi olaraq yaxından maraqlanırlar. Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bütün ölkə ictimaiyyəti tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.

Qeyd edək ki, ziyarət zamanı Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən şəhid ailəsinə Qurban bayramı münasibətilə bayram sovqatı təqdim edilib Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.