Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı rayonda Qurban bayramı münasibətilə şəhid ailələri və qazilərə bayram sovqatı paylayıb.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev təşkilatın əməktaşları Böyükağa Axundov, Yalçın Əliyev, Əliziya Ağayev, Partiyanın fəal üzüvləri Emin Bağırov, Namik Bağırov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qurban bayramı münasibətilə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin, qazilərin ailələri ziyarət edilib və onlara bayram sovqatları paylanılıb.
Bayram payı alan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləyib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulayıb, ölkə rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xoş arzularını ifadə edib, övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə, onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndiriblər.
Qeyd edək ki, ümumilikdə Qurban bayramı ilə bağlı 41 Qazi 63 Şəhid ailəsinə bayram sovqatı paylanıb.