Tanrıya məhəbbətin və mərhəmətin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət edib. Xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən bu bayramda qurban kəsmək və paylamaq bayramın fəzilətlərindən biri kimi yüksək mənəvi dəyərə malikdir. Qurban bayramı insanların mənən saflaşması, onların daha sıx birləşməsi üçün bir vasitədir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır.
İyulun 9-da muxtar respublikada Qurban bayramı qeyd edilib, məscidlərdə bayram namazı qılınıb, bayram payları verilib.
Həmin gün Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın bütün rayonlarında da sağlamlıq imkanları məhdud şəxslərə, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə, şəhid ailələri və qazilərə, yerli və əcnəbi tələbələrə, Psixi Xəstəliklər Dispanserində müalicə olunanlara, “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs, Naxçıvan Hərbi Hospitalı və Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin kollektivinə ümumilikdə, 4 mindən çox bayram sovqatı paylanıb.
Ali təhsil müəssisələrində bayram paylarının verilməsi münasibətilə keçirilən tədbirlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və Naxçıvan Universitetinin rektoru Nurlana Əliyeva çıxış edərək bayram münasibəti ilə kollektivləri təbrik edib, ali təhsil müəssisələrinin hər zaman Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunduğunu bildiriblər. Qeyd olunub ki, Qurban bayramı münasibətilə muxtar respublikada təhsil alan yerli və əcnəbi tələbələrə bayram paylarının verilməsi göstərilən qayğının daha bir ifadəsidir.
AZƏRTAC