09 iyul 2022-ci ildə Ağdam rayonunda Vətən Müharibəsi şəhidi Səfərov Hikmət İldırım oğlunun anadan olmasının 50-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. “İki sahil” xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri ,din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərasim iştirakçıları əvvəlcə Quzanlı qəsəbəsindəki şəhidlər xiyabanını ziyarət etmiş, şəhidlərin ruhuna dualar oxumuşlar.
Anım mərasimi İkinci Alıbəyli qəsəbəsində şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin qarşısında davam etdirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı olan Hikmət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 10-da ağır yaralanıb. 08.12.2020-ci il tarixində Bakı şəhərində müalicə aldığı Hərbi Hospitalda vəfat etmiş, Bakıda II Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Hikmət Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü", “Rəşadət” və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.