İyulun 11-də Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Balakişiyev Qara Əmirxan oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilib. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Balakişiyev Qara kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir Xocavənd 4 saylı tam orta məktəbinin şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə davam edib.
Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirərək, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Orxan Vahidoğlu, "İki sahil"