11 iyul 2022 21:50
1077

Professor Abbas Seyidov Kələxana türbələri kompleksində görülən işlərlə tanış olub

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov Şamaxıda Kələxana türbələri kompleksində görülən işlərlə tanış olub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Qazıntılara AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri tarix elmləri doktoru, professor Qafar Cəbiyev başçılıq edir. Xatırladaq ki, professor Abbas Seyidov iyun ayında da kompleksdə olub.

Baş direktor qeyd edib ki, burada aparılan arxeoloji, antropoloji, epiqrafik tədqiqatlar və kompleksin memarlıq xüsusiyyətlərinin tam, dərindən araşdırılması tariximizin yeni səhifələrinin yazılması üçün öz sözünü deyəcəkdir.

Professor Qafar Cəbiyev aparılan hərtərəfli tədqiqatların səmərəli olmasından, dini kompleksin elmi əhəmiyyətindən danışıb. Alimlər görüləcək işlər haqqında fikir mübadiləsi aparıblar.