12 iyul 2022 16:49
941

Bakının cüdoçuları Naxçıvan şəhər açıq turnirində mübarizə aparıblar

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə Naxçıvan şəhər açıq turnirinə yekun vurulub. Yarış şəhid Toğrul Məmmədovun xatirəsinə həsr olunub.

"İki sahil" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi turnirdə muxtar respublikanın cüdoçuları ilə yanaşı, Bakının “Neftçi”, “Çempion” və “Şahin” idman klublarının idmançıları da mübarizə aparıblar.

Turnir açıq elan edildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov çıxış edərək turnirin təşkilatçılarına minnətdarlığını bildirib. Təşkilatçılar tərəfindən Üzeyir Məmmədova plaket təqdim edilib.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov və Azərbaycanın Respublikasının Əməkdar məşqçisi Azər Bağırov turnirin reqlamenti barədə məlumat verib, bütün idmançılara uğurlar arzulayıblar.

Sonra görüşlərə start verilib. 4 yaş qrupu üzrə 17 çəki dərəcəsində keçirilən turnirdə 130 idmançı iştirak edib. Turnirin yekun nəticəsinə əsasən 2005-2007-ci il təvəllüdlü idmançılar arasında Süleyman Şamilov (55 kiloqram, “Şahin”), Mətin Məmmədov (60 kiloqram, “Neftçi”), Ramil Cabbarov (73 kiloqram, “Neftçi”) və İsmayıl Fərəcov (100 kiloqram, Şərur) fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. 2008-2009-cu il təvəllüdlü cüdoçuların mübarizəsində Rəhim Qaybalıyev (34 kiloqram, Naxçıvan), Sinan Fərzəliyev (38 kiloqram, Culfa), Məhəmməd Rüstəmli (42 kiloqram, “Neftçi”), Heybət Heydərov (50 kiloqram, “Şahin”), Rəşad Qasımov (55 kiloqram, “Neftçi”), Asim Əliyev (60- kiloqram, Naxçıvan) və Məhəmmədəli Bayramov (60+ kiloqram, Şərur) qalib adını qazanıblar.

Səkinə Bağırlı (50 kiloqram, Naxçıvan), Vaqif Əliyev (38 kiloqram, Culfa) və Sadiq Rzazadə (50 kilorqam, Naxçıvan) 2010-2011-ci təvəllüdlü idmançılar arasında birinci olublar. 2012-2013-cü il təvəllüdlü idmançılar arasında isə David Məmmədzadə (27 kiloqram, Şərur), Rəhman Əliyev (34 kiloqram, Şərur) və Yusif Abdullazadə (50+ kiloqram, Naxçıvan) hamıdan güclü olublar.

Sonda qaliblər diplom və medalla təltif ediliblər.