12 iyul 2022 17:53
842

Şəhidlərin doğum günündə xatirələri anılıb

İyul ayının 12-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı və Yuxarı Cürəli kənd ərazi partiya təşkilatının sədri Firdovsi Şərifov I Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, rayonun Yuxarı Cürəli kəndindən olan şəhid Əliyev Təyyar İltifat oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət edib və ruhuna dualar oxunub.

“İki sahil” xəbər verir ki, daha sonra II Qarabağ müharibəsində  Vətənimizin müdafiəsi uğrunda öz canlarından keçən, rayonun  Aşağı Cürəli kəndindən olan şəhid Mirzəyev Orxan Əli oğlunun və Çaylı kəndindən olan şəhid Allahverdiyev Elnur Kamil oğlunun  doğum günləri münasibəti ilə ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib və şəhid ailələrinin qayğıları ilə maraqlanılıb.

Şəhidlərimizin valideyinləri  onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra kənd qəbirstanlıqlarında şəhidlərin məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Mirzəyev Orxan Əli oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Laçının   azad olunmasına görə” və “Suqovuşanın  azad olunmasına görə” medalları ilə, şəhid Allahverdiyev Elnur Kamil oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Allah rəhmət eləsin!