Xətai rayonunda Vətən müharibəsi şəhidi Pənahov Əkbər Bəylər oğlunun anım günündə məzarı ziyarət edilib, İ.Zülfüqarov küçəsi 77-79 ünvanında Milli Qəhrəman Güləliyev Oqtay Güləli oğlunun və Vətən müharibəsi şəhidi Pənahov Əkbər Bəylər oğlunun xatirə lövhəsinin və parkının açılışı olub.
“İki sahil” xəbər verir ki, əvvəlcə şəhid Əkbər Pənahovun məzarı ziyarət olunub.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri ziyarətdə iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Mərasimdə çıxış edənlər Vətən müharibəsi bizim böyük Zəfərimizlə bitdiyindən, bu Qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacağını bildiriblər. Haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Sonra İ.Zülfüqarov küçəsi 77-79 ünvanında Milli Qəhrəman Güləliyev Oqtay Güləli oğlunun və Vətən müharibəsi şəhidi Pənahov Əkbər Bəylər oğlunun xatirə lövhəsinin və parkının açılışı olub.
Bildirilib ki, rayon icra hakimiyyəti tərəfindən şəhidlərin xatirə lövhəsinin ətrafı abadlaşdırılıb və park salınıb. Azyaşlılar üçün idman və əyləncə qurğuları quraşdırılıb, yaşlı sakinlərin istirahəti üçün oturacaqlar qoyulub.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.