İyulun 12-də Şəki şəhər stadionunda ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunan “Şəki şəhidləri – 2022” futbol turnirinə start verilib. Şəki şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə 16 komanda mübarizə aparır.
“İki sahil” xəbər verir ki, bu barədə Şəki Şəhər Gənclər və İdman İdarəsindən məlumat verilib.
Turnirə başlamazdan əvvəl Şəki şəhərindən olan şəhidlərin məzarları ziyarət olunub, üzərlərinə əklillər qoyulub, gül dəstələri düzülüb.
Turnirin rəsmi açılış mərasiminin əvvəlində Azərbaycanın Dövlət Himni oxunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ariz Əhmədov açaraq, Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan Tovuz döyüşlərindən iki il ötdüyünü diqqətə çatdırıb, Vətən müharibəsində qazanılan şanlı Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə olunduğunu vurğulayıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan söz açıb.
Tədbirdə çıxış edənlər ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin, həmçinin Tovuz döyüşləri şəhidlərinin əziz xatirəsinin daim qəlblərlə yaşayacağını bildiriblər.
Çıxışlardan sonra qarşılaşmalara start verilib. Şəhidlərin xatirəsinə həsr olunan futbol turniri bir ayadək davam edəcək.