Atatürk Mərkəzində bu adda kitabın təqdimat mərasimi keçirilib
İyulun 13-də Azərbaycanda Atatürk Mərkəzində Bakı Slavyan Universitetinin (BSU) Elmi-Tədqiqat Layihələri Laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Sadir Məmmədovun və Tural Məmmədovun həmmüəllifləri olduqları “Qarabağ: mif və həqiqət” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov tədbiri giriş sözü ilə açaraq kitab haqqında məlumat verib: “Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda Sadir Məmmədovla yanaşı, Tural Məmmədovun da elmi-tarixi araşdırmaları yer alıb: “Dərs vəsaitində Azərbaycanın əzəli-əbədi ərazisi olan Qarabağın tarixi-coğrafi mövqeyi, bu ərazidə yaşamış tayfalar, onların mədəni-ədəbi abidələri, ermənilərin Qarabağda məskunlaşması, türk torpaqlarında dövlət qurmaq cəhdləri, erməni uydurmalarının ifşası, qədim erməni dili ilə bağlı həqiqəti əks etdirməyən iddialar, Qarabağda erməni cinayətləri, Qarabağ problemini həll edən Azərbaycan dövlətinin siyasi mövqeyi öz əksini tapıb. Kitabda, həmçinin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərimiz şərh edilir.”
N.Cəfərov onu da diqqətə çatdırıb ki, dosent S.Məmmədovun “Azərbaycanşünaslıq tədqiqatları” silsiləsindən “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görmüş növbəti kitabı universitet tələbələri, magistrantlar, doktorantlar, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşr BSU-nun xaricdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri, xarici universitetlərdə Azərbaycan dili ixtisası üzrə təhsil alan və dilimizi öyrənən tələbələr üçün faydalı tədris vəsaitidir.

Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Nizami Tağısoy çıxışında vurğulayıb ki, S.Məmmədov və T.Məmmədovun "Qarabağ: mif və həqiqət" kitabının digər bu tipli əsərlərdən fərqli tərəfi materialın lakonikliyi, müxtəsərliyi, kompakt şəkildə təqdimatı, tezisvari tərtibatı daha çox diqqəti cəlb edir. Elə zənn edirik ki, tələbələr belə mənbələrdən rahat şəkildə istifadə etməyə həvəsli olacaqlar. Başqa sözlə desək, haqqında bəhs etdiyimiz bu dərs vəsaitindən tələbələrin yığcam konspekt etmələri də mümkündür. Bu rakursdan yanaşdıqda deyə bilərik ki, belə materiallar kitabın tətbiqi əhəmiyyətini də xeyli dərəcədə artırır.
N. Tağısoy onu da əlavə edib ki, müəlliflərin dərs vəsaiti materiallarının janrına uyğun olaraq qurduqları bu kitabın daha çox nəzərəçarpacaq tərəflərindən biri də hər konkret, hətta yığcam bölmə və hissələrdə tələbələrin bilik səviyyəsini yoxlamaq üçün "Sual və tapşırıqlar"ın təqdim olunmasıdır: “Fikrimizcə, kitabda müvafiq "Sual və tapşırıqlar”a yer verilməsi Qarabağ, Ermənistan-Azərbaycan, azərbaycanlıların və türklərin deportasiyası və soyqırımı ilə bağlı əsaslı məsələlərin dərindən öyrənilməsinə nəzərəçarpacaq dərəcədə köməklik göstərir. Çünki dərs və tədris vəsaitlərinin başlıca məqsədi tələbələr tərəfindən alınmış biliklərin dərindən və əsaslı mənimsənilməsini nəzərdə tutur. Fikrimizcə, tarix və ədəbiyyat üzrə dərslik və dərs vəsaitləri kimi S.Məmmədov və T.Məmmədovun araya-ərsəyə gətirdikləri bu mənbə, həm də dərsliklərin ortaya çıxması üçün mühüm özül, mənbə və materiallardan biri kimi xidmət edə bilər. Məlum olduğu kimi, dərs vəsaitlərinin növləri də rəngarəngdir - onlar oxu üçün kitablar, müntəxabatlar, sorğu kitabları, lüğətlər, adaptasiya olunmuş mətnlər, tapşırıq və s. ola bilər.”
Professor Rüstəm Kamal qeyd edib ki, "Qarabağ: mif və həqiqət" kitabı təhsil alanlar üçün gərəkli dərs vəsaiti olmaqla yanaşı, həm də doktorant, professor-müəllim heyəti, eləcə də geniş oxucu kütləsi üçün əhəmiyyətli mənbədir. Kitabda Qarabağımızın tarixi coğrafiyası, təbii landşaftı, etnik-milli və etik-mənəvi ənənələri nəzərdən keçirilir, ermənilərin bizim torpaqlarda Rusiya imperiyasının təkidi ilə yerləşmələri, Zəngəzur, Qarabağ və digər ərazilərimizdə törətdikləri vəhşiliklər, terror hadisələri və misli görünməmiş, insanlıqdan kənar cinayətləri, nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərin başlıca səbəbləri araşdırılıb. Bu kitab gələcək nəsillərin çoxəsrlik tariximizi öyrənmələrində, vətənpərvərlik hisslərinin daha da artırılmasında böyük rol oynayacaq.
Hüquq elmləri doktoru, professor Habil Qurbanov vurğulayıb ki, S.Məmmədov və T.Məmmədovun tələbələrin və oxucuların diqqətinə təqdim etdikləri bu mənbədə həm tarixi, həm nəzəri, həm praktik materialların hamısı vəhdət şəklində əks olunub. Kitaba yeni və daha çox aktuallıq kəsb edən materiallar daxil edilib. Məhz bu materiallar tələbələrin Qarabağ, ermənilər və erməni xisləti ilə bağlı fundamental bilikləri mənimsəmələri baxımından daha böyük əhəmiyyət kəsb edir.
Həmçinin mərasimdə pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yaşar Alxasov, filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhməd, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, publisist Mustafa Çəmənli, “İki sahil ”qəzetinin baş redaktoru, Əməkdar jurnalist, BSU-nun Jurnalistika kafedrasının müdiri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Əməkdar jurnalist, pedaqoq, "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri, Bakı Slavyan Universitetinin professoru Etibar Babayev, Milli Məclisin deputatı Arzu Nağıyev, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov və digərləri çıxış edərək bildiriblər ki, kitabın başlıca leytmotivi Qarabağın Azərbaycanın minilliklərdən bəri tərkib hissəsi olduğunu sübut etməkdir. Qeyd edilib ki, müəlliflər nəzərdə tutduqları məqsədə yüksək səviyyədə nail olublar. Vətənpərvərlik ruhunda yazılmış belə bir tarixi kitabın ictimaiyyətə təqdim olunması qürurvericidir. Belə nəşrin işıq üzü görməsi gələcəyə parlaq töhfədir. Vurğulanıb ki, Sadir Məmmədov da bu kitabda qələmə alınanların xeyli yerlərini öz canında yaşamışdır. Məhz buna görə də sözügedən kitabda problemə münasibətdə tarixiliklə yanaşı, insan hisslərinin səmimi notları da üstünlük təşkil edir.
Tədbir iştirakçılarına minnətdarlığını bildirən nəşrin həmmüəllifi Sadir Məmmədov imzalı kitablarını oxucularına hədiyyə edib. Sonda xatirə şəkli çəkdirilib.