15 iyul 2022 15:32
1140

"Azəriqaz"a şikayətlərin və müraciətlərin sayı azalır FOTO

İyulun 15-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

Birliyin «104- çağrı mərkəzi»nin rəisi Xalidə Şimşək bildirib ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində «Azəriqaz» İstehsalat Birliyinə qaz sızmaları ilə bağlı 4153 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 734 müraciət azdır. Onun sözlərinə görə, bu dövrdə qazın olmaması və yaxud təzyiqin aşağı düşməsi ilə bağlı 3661 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2534 müraciət azdır: «Qazın olmaması və ya təzyiqin aşağı düşməsi ilə bağlı müraciətlərin əksəriyyəti aparılan təmir işləri ilə əlaqədar olub. Həmçinin ilin ilk altı ayında ödəniş etmədiklərinə  görə 1554 abonentin qaz təchizatı dayandırılıb. Bu abonentlərə borcu vaxtında ödəmələri ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Burada söhbət aylarla sərf etdikləri təbii qazın abunə haqlarını ödəməyənlərdən gedir. Qeyd edim ki, abonent borcunu ödədiyi  halda qazın təchizatı bir iş günü ərzində bərpa olunur.»

«Azəriqaz» İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, Birlik payız-qış mövsümünə hazırlıqla bağlı təmir-bərpa işlərinin həcmini və sürətini artırıb. Onun sözlərinə görə, bura kəmərlərin təmiri, həmçinin mövcud kəmərlərə texniki baxışın keçirilməsi də daxildir: «Bəzən təbii fəlakətlər, bəzən də qəzalar nəticəsində qaz xətləri dayaqlardan aşağı düşərək ciddi şəkildə korroziyaya uğrayır. Bu isə ciddi qaz sızmalarının və digər təhlükəli halların baş verməsinə şərait yaradır. Bu problemlərin qarşısını vaxtında almaq üçün son iki ay ərzində 4904 poqonmetr kəmər dayaqlar üzərinə qaldırılaraq bərkidilib. Eyni zamanda, 70-dək qaz tənzimləyici məntəqə və şkaf tipli qaztənzimləyici məntəqələr təmir edilib.»

Şöbə rəisi onu da əlavə edib ki, bəzən vətəndaşlar tərəfindən təbii qazın keyfiyyət göstəriciləri ilə bağlı, yəni qazın çirkli olması ilə bağlı şikayətlər daxil olur: «Biz bu şikayətləri dərhal nəzarətə götürüb həllinə nail olmağa çalışırıq. Düzdür, qış mövsümündə filtrlərin dəyişdirilməsi müəyyən problemlər yaradır. Çünki qışda qaza tələbat daha çox olduğundan qaz təminatını uzun müddətə dayandıra bilmirik. Bu il 10 yerdə filtrlərin dəyişdirilməsi planlaşdırılıb və artıq bu günə işlərin 50 faizi icra olunub. Payız-qış mövsümü başlayanadək bu işləri də tamamilə başa çatdıracağıq.»

İlkin Behbudov təhlükəsizlik qaydaları ilə bağlı keçirilən reydlər barədə məlumat verib. Bildirib ki, son bir neçə ayda bu istiqamətdə 4500-dən çox obyektdə reydlər keçirilərək onların  500-də nöqsanlar aşkarlanıb. Bu nöqsanlar əsasən layihə- smeta qaydalarından kənara çıxma halları ilə bağlı olub. Onların qaz təchizatı dərhal dayandırılıb. Sonrakı müddətdə qaz çəkilişlərini  qaydalara uyğun aparanların 60 faizinin qaz təchizatı bərpa olunub.

Elçin Zaman, "İki sahil"