Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri də ilbəil artmaqdadır. Ölkəmiz son illərdə bu məsələdə mühüm rol oynayır. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi enerji siyasəti ölkəmizi ümumiyyətlə, bütün dünyada əhəmiyyətli regional oyunçuya çevirib.
Ümumilikdə isə 2021-ci ildə və 2022-ci ilin birinci yarısında Azərbaycanın neft-qaz sektorunda böyük nailiyyətlər əldə olunub, karbohidrogen məhsullarının ixracı potensialı artıb.
SOCAR-ın ümumi dövriyyəsi 77,5 milyard manata çatıb

Dünyanın ən qədim neft istehsalçıları arasında yerləşən SOCAR-da həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub. SOCAR-dan verilən məlumata görə, şirkətin ümumi dövriyyəsi 56,3 % artaraq 77,5 milyard manata çatıb. SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.
Beləliklə, SOCAR gəlir marjasını 10,2 %-dən 11,4 %-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib və 2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub. Bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir. Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib.
Ötən il SOCAR-ın cari aktivləri 31,1% artaraq 23,9 milyard manata çatıb, öhdəlikləri isə 1,6% azalaraq 20,3 milyard manatadək azalıb. Şirkətin ümumi aktivləri 8,1%-lik artımla 69,4 milyard manata yüksəlib. Bir faktıda bildirək ki, SOCAR-ın cəmi kapitalı 3,8% artaraq 22,75 milyard manata, nağd pul vəsaitləri isə 46,5% artaraq 9 milyard manata yüksəlib.
“Petkim” və Star NEZ fasiləsiz istehsal prosesinə nail olublar

Bir faktı qeyd edək ki, SOCAR-ın ən çox investisiya yatırdığı qardaş ölkə Türkiyədə fəaliyyətə başladığı gündən bu günə qədər “SOCAR Terminal”, “Petkim”, Star neft emalı zavodu və TANAP daxil olmaqla investisiya xərcləri 16,5 milyard dolları ötüb. Layihələrin investisiya xərcləri belədir: “Star Neft Emalı Zavodu 6,3 milyard dollar, Depolama 600 milyon dollar, SOCAR Konteyner Terminalı 400 milyon dollar, “Petkim” özəlləşdirməsi 2 milyard 40 milyon dollar və əlavə olaraq hər il təxmini 100 milyon dollar olmaqla ümumilikdə 1 milyard dollar investisiya, TANAP 6,5 milyard dollar.” Bu investisiyalar nəticəsində SOCAR-Türkiyənin də nüfuzu regionda artmaqdadır. Təsadüfi deyil ki, Star neft emalı zavodu (NEZ) Avropa, Orta Şərq və Afrika (EMEA) bölgəsindəki son zamanlarda reallaşdırılan ən böyük neft emalı üzərə layihələrindən biridir.
SOCAR-dan verilən məlumata görə, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, “Petkim” və Star neft emalı zavodunun inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıblar. Belə ki, 2021-ci ildə “Petkim” və Star NEZ-də istehsal potensialından istifadə əmsalı müvafiq olaraq 92,6% və 100,8%-ə yüksəlib.
6 ayda SOCAR-ın qazma, hasilat, emal və ixrac göstəriciləri yüksək olub

Bir faktı da qeyd edək ki, 2022-ci ilin birinci yarısında SOCAR-ın qazma, hasilat, emal və ixrac göstəriciləri də yüksək olub. Belə ki, şirkət tərəfindən 20 min metrə yaxın qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5% çoxdur. Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub. Ölkə üzrə ümumilikdə 8,1 milyon tondan çox neft və 11,6 milyard kubmetrdən çox qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 16,7 % artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,9 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 144 milyon kubmetrə yaxın təbii qaz ixrac olunub. Ümumilikdə isə ölkə üzrə qaz ixracı 36% artımla təqribən 5,5 milyard kubmetrə yüksəlib. SOCAR-ın dünya bazarına ixrac etdiyi neftin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17,6%, Gürcüstana ixrac etdiyi qaz həcmləri isə 48,1% artıb.
Qeyd etmək yerinə düşər ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,2 milyon tona yaxın neft, 869 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Qaz emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artıb. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 403 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3% artaraq 2,2 milyard kubmetr təşkil edib. “Karbamid” və “Metanol” zavodlarının istehsal həcmlərinin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.
Orxan Vahidoğlu, “İki sahil”
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib