İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Ramil Abulovun “İki sahil”ə müsahibəsi
- Müsabiqənin qaliblərindən biri olmanız münasibətilə sizi təbrik edir, gələcəkdə daha böyük nailiyyətlər arzulayırıq. Oxucularımıza özünüzü necə təqdim edərdiniz?
-Mən, Ramil Abulov 1988-ci ildə doğulmuşam. Orta və ali məktəbi Gəncə şəhərində oxumuşam. İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə bakalavr və magistr pillələrində təhsil almışam. Demək olar ki, on ildən artıqdır insan resurslarının idarəedilməsi sahəsində fəaliyyət göstərirəm. Bu istiqamət üzrə müxtəlif sferalarda işləmişəm. Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində işə qəbul və yerləşdirmə şöbəsinin rəis müavini vəzifəsində çalışıram. Bu il ikinci “Yüksəliş” müsabiqəsinin qalibiyəm.
-Bu müsabiqə yüksək intellekt, bacarıq tələb edir. Güclü rəqibləriniz vardı. Onlar arasında özünüzü necə hiss edirdiniz?
-Bu proses yeni bitib. Hətta ötən ayın təltifetməsi də oldu. Yəni emosiyalar yenidir. Qeyd etdiyiniz kimi, yüksək potensiallı, intellektli idarəçi rəhbərlərlə keçirilmiş müsabiqə idi. Müsabiqə mənim üçün, eləcə də əminəm ki, həm də digər iştirakçılar üçün də çox yaddaqalan oldu. Çünki beş ay ərzində qiymətləndirmə davam etmişdi. Bu prosesi icra edən “Yüksəliş” komandasının da təşkilatçılıq bacarıqları, effektiv idarəetmələri nəticəsində əvəzolunmaz təcrübə yaşadıq. Şəxsən mənim üçün əsas yaddaqalan məqamlardan biri həm yarım final, həm də finalda idarəçi rəhbərlərlə birlikdə işləmək, kommunikasiya qurmaq, onlarla bir komandada olmaq idi. Burada çox dəyərli təcrübə yaşadıq.
- Müsabiqədə iştirak etməyə necə qərar verdiniz?
-Ümumiyyətlə, mən birinci “Yüksəliş” müsabiqəsini izləyirdim. İkinci “Yüksəliş” müsabiqəsi olarsa, qatılmaq istəyirdim. Ailə üzvlərim, dostlarım, xüsusilə də həmkarlarım bu prosesdə mənə çox dəstək oldular.
- İşgüzar kefiyyətlərimin formalaşmasında SOCAR ailəsinin çox böyük rolu var. Mən ilk rəhbər təcrübəmi də SOCAR-da yaşamışam. 2018-ci ildən rəhbər olaraq fəaliyyət göstərirəm. Buradakı həmkarlarımın inamı, motivasiyaedici sözləri həmişə məndə irəli getmək əzmi formalaşdırırdı.
-“Yüksəliş”in qaliblərindənsiniz. Bəs, gözləntiləriniz nələrdir?
-Bizim yeni qaliblər kimi qarşıdakı bir il ərzində fərdi inkişaf planlarımız icra olunacaqdır. Mənim əsas gözləntim uğurlu, müvəfəqiyyətli fərdi inkişaf planının tamamlanması, daha sonra cəlb olunacağım sferalarda faydalı olmaqdır. Hər bir qalibə idarəçi rəhbərlərdən mentor təyin olunacaq. O, həmin mentorun dəstəyi ilə müxtəlif proseslərə, layihələrə qoşulacaq. Mən də qoşulacağım hər hansı bir prosesdə, ümumilikdə Azərbaycan Respublikası üçün faydalı ola biləcəyim hər hansı sferaya qoşulmaq və öz bacarıqlarımı nümayiş etdirmək imkanı əldə etməyi gözləyirəm.
-Bugünə qədər hansı yarışlarda, müsabiqələrdə iştirak etmisiniz?
-Bu tip müsabiqədə ilk dəfədir iştirak edirəm. Bildiyim qədərilə Azərbaycanda belə müsabiqələr “Yüksəliş”dən başlamışdı. İşəqəbul müsabiqələrini də qeyd edə bilərəm. Yəni indiyə qədər işlədiyim şirkətlərə müsabiqə yolu ilə daxil olmuşam. Hətta Dövlət Neft Şirkətinə işə qəbul olunmağım da müsabiqə ilə olub. Amma təbii ki, “Yüksəliş” müsabiqəsi daha fərqlidir. Qiymətləndirmə mərhələləri çoxdur və daha uzunmüddətlidir. Adıçəkilən müsabiqə Azərbaycan mühiti üçün unikaldır.
-“Yüksəliş”i ən uğurlu müsabiqəniz hesab etmək olarmı?
-Bəli.
-Vurğuladınız ki, bu, çox unikal müsabiqədir. Belə bir müsabiqədə qalib olmaq necə hissdir?
-Fikrimcə, bütün insanlar qalib olmağı sevir. Bu qədər çox sayda intellektual potensialı olan şəxsin, şəxsi işgüzar kefiyyətləri yüksək olan insanların iştirakı ilə keçən müsabiqədə qalib olmaq mənim üçün olduqca qürurvericidir.
-İstedadlı gənc kadr kimi hədəfləriniz nələrdir?
-“Yüksəliş”dən gözləntilərimlə hədəflərimi uyğunlaşdırmağa çalışıram. Əsas hədəfim faydalı ola biləcəyim bir istiqamətdə bütün bacarıqlarımı istifadə etmək imkanı əldə edə bilməkdir. Bu imkanı əldə edə bilmək üçün də daim əzmlə çalışıram. Qarşıma çıxan fürsətləri, imkanları, hər hansı müsabiqəni, özünüinkişaf istiqamətlərini dəyərləndirməyə çalışıram ki, qarşıma qoyduğum hədəflərə nail olum.
- Dövlət tərəfindən gənclərin gələcək inkişafı üçün zəruri olan tədbirlərin miqyası ilbəil artırılır. Sizcə, gənclərimiz onlara göstərilən etimadı doğruldurlarmı?
-Dövlətin gənclərə dəstək siyasəti dedikdə, elə bizim iştirak etdiyimiz “Yüksəliş” müsabiqəsinin adını çəkmək olar. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə cənab Prezidentin 26 iyul 2019-cu il Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edildi. Prezident İlham Əliyev bəyan edir ki, biz qara qızılımızı, təbii sərvətimizi insan kapitalına çevirməliyik. Bu prosesdə də uzunmüddətli fəaliyyət davam edir. Ölkədə dövlət səviyyəsində xaricdə təqaüd proqramları var. Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı almasını təmin edir. Həmçinin SOCAR-ın da həm dövlət səviyyəsində, yəni Təhsil Nazirliyinin və Gənclər Fondunun icra etdiyi layihə, həm də daxili və xarici təqaüd proqramları var. İstedadlı və perspektivli gənclərin xarici ölkələrin qabaqcıl ali təhsil ocaqlarında təhsilini təşkil etmək məqsədi ilə 2006-cı ildə SOCAR-ın Xarici Təqaüd Proqramı təsis edilib. Bu dövlət siyasətinin əsas mahiyyəti ondan ibarətdir ki, yüksək potensiallı, bilikli gənclər üzə çıxa bilsin. Onlara dövlət dəstəyi göstərilsin və əgər kiminsə maddi imkanı yoxdursa həmin gənc o resurslara çıxış əldə etsin. Mən düşünürəm ki, gənclərə dəstək siyasəti uğurla davam etdirilir.
Ümumiyyətlə, son dövrlər həm mərkəzi icra orqanlarına, həm nazirliklərə gənc kadrların təyinatının şahidi oluruq. Azərbaycanda gənclərə böyük diqqət və qayğı var. Gənclərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verilir. Bilirsiniz ki, elektron hökumət layihəsi uğurla davam etdirilir. Məsələn, ASAN xidmət. Bunlar sırf gənclərin cəlb olunduğu layihələrdir ki, hazırda bir sıra uğurlara imza atılıb. Vətəndaşlara xidmət sferasında geniş islahatlar tətbiq olunur.
-Gənclərimizə hansı tövsiyələri verərdiniz?
-Danışdığımız kontekstdən çıxış edərək gənclərə əsas tövsiyəm odur ki, daim yorulmadan, əzmlə hədəflərinə nail olmağa çalışsınlar. Təbii ki, burada ilk növbədə qarşılarına bir hədəf qoymalıdırlar. Hər bir gəncin öz hədəfini formalaşdırmağı çox vacibdir. Ola bilər, universiteti, məktəbi bitirib, haradasa mütəxəssis kimi işləyir və s. Hədəf olduqdan sonra özlərini o istiqamətdə inkişaf etdirsinlər. Daim yeni bilik və bacarıqlar əldə etməyə çalışsınlar. Elə dövrdə yaşayırıq ki, əmək bazarı hər gün dəyişir. Yeni texnologiyalar, yeni bilik, səriştə tələb olunur. Buna uyğunlaşmaq üçün daim öz biliklərimizi, bacarıqlarımızı inkişaf etdirməliyik. Bəzi biliklərimizi köhnəlməməsi üçün aktual saxlamalıyıq, daim yeniləməliyik. Gənclərimiz müəyyənləşdirdikləri hədəflərə doğru qısa addımlarla belə olsa irəliləməyə çalışsınlar və dünənki özlərini keçsinlər.
Günel Eyyubova, “İki sahil”
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib