ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi "2022 İnvestisiya Hesabatları: Azərbaycan" adlı sənəddə qeyd edilir ki, ölkəmizdə biznes mühitinin inkişaf etdirilməsi məqsədilə son illərdə həyata keçirilən tədbirlər böyük səmərə verib
Formalaşmış əlverişli biznes investisiya mühiti, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməsi, mühüm tranzit imkanları Azərbaycanın investisiya cəlbediciliyini ilbəil artırır. Bunun nəticəsi olaraq hökumət 2022-ci ilin yanvar-may aylarında investisiya cəlbediciliyinin, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə nəzərəçarpacaq göstəricilərə imza atıb. Qeyd olunan müddətdə qeyri-neft-qaz sektoruna yönəldilən sərmayələrin həcminin 14,6 faiz artması, eyni zamanda, əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 657,3 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil etməsi qeyd edilənlərin əyani sübutudur. Bundan əlavə, Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, habelə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli və çoxtərəfli sazişlər imzalayıb. İxrac rüsumlarının ləğv edilməsi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi də ölkədə investisiya mühitinin liberallaşdırılmasına xidmət edən addımlardan biridir.
Bu günlərdə ABŞ-ın Dövlət Departamentinin dərc etdiyi "2022 İnvestisiya Hesabatları: Azərbaycan" adlı sənəddə də göstərilir ki, Azərbaycanda ümumi investisiya mühiti inkişaf etməkdə davam edir. Amerikalı iqtisadçıların hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 4,3 faiz kiçildiyi 2020-ci ildən fərqli olaraq 2021-ci ildə 5,6 faiz böyüyüb. İqtisadiyyatın pandemiyadan sağalması dövründə neft və qaz sektoru 1,7 faiz, qeyri-neft sektoru 7,2 faiz artıb. Neft və qaz sektoru xarici investisiyada ən böyük paya sahib olduğu bir vaxtda Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün 4 qeyri-neft sektoruna hədəflənib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat-logistika. Həmçinin, vurğulanıb ki, biznes mühitinin inkişaf etdirilməsi məqsədilə son illərdə həyata keçirilən tədbirlər səmərə verib. Lazımsız biznes lisenziyası kateqoriyalarının aradan qaldırılması, populyar olan "ASAN xidmət"in lisenziyalaşdırma səlahiyyətlərinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi, müəyyən biznes təftişlərinin dayandırılması istiqamətində və vergi sistemində islahatlar aparılıb. Sənəddə o da qeyd olunub ki, 2021-ci ildə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda dövlət büdcəsindən 471 milyon dollar ayrılaraq vaksinlərin alınmasına, səhiyyə işçilərinə bonusların ödənilməsinə və modul tipli xəstəxanaların fəaliyyət göstərməsinin dəstəklənməsinə sərf edilib. Bundan əlavə, Azərbaycan həm də xarici ölkələrə investisiya yatıran dövlətə çevrilib. Təkcə 2021-ci ilin statistik göstəricilərinə nəzər yetirsək görərik ki, ötən il Azərbaycan xarici ölkələrə 825,79 milyon dollar həcmində birbaşa investisiya yatırıb. Ölkəmiz tərəfindən 2021-ci ildə ən çox investisiya Türkiyəyə yatırılıb - 280,54 milyon dollar.
Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də postmüharibə dövründə azad edilmiş ərazilərdə münbit investisiya və biznes mühitinin yaradılmasıdır. Hazırda ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən layihələr dünyanın müxtəlif nüfuzlu şirkətlərinin bu ərazilərdə qlobal biznes layihələrini reallaşdırmasını stimullaşdırır. Sözügedən hesabatda da münaqişədən sonrakı vəziyyət öz əks tapıb: “2020-ci ilin noyabrında Dağlıq Qarabağ münaqişəsində gərgin döyüşlərə son qoyan Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyannamənin açıqlanmasından sonra Azərbaycan hökuməti əvvəllər erməni separatçıların nəzarəti altında olan Dağlıq Qarabağ ətrafındakı ərazilərə yeni investisiyalar axtarır”, - Dövlət Departamenti qeyd edir. “Azərbaycanın 2022-ci il büdcəsində bu ərazilərin bərpası və yenidən qurulması üçün 2,2 milyard manat (1,3 milyard ABŞ dolları) vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsait yol infrastrukturunun, elektrik təchizatının, qaz təchizatının, su təchizatının, rabitə infrastrukturunun, təhsil və səhiyyənin bərpasına, habelə mədəniyyət və tarix abidələrinin bərpasına yönəldiləcək. Hökumət bölgədə təmiz enerji layihələri də həyata keçirir. Bu ərazilərin bərpası və məskunlaşması üçün büdcədən xüsusi ayrılmış vəsaitlərin saxlanılması ilə yanaşı, növbəti illərdə də yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bərpa işləri çərçivəsində bu ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritet olaraq qalır”, - hesabatda vurğulanır.
Təkcə onu demək kifayətdir ki, postmüharibə dövründə işğaldan azad edilən ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyinə 1100-ə yaxın müraciət daxil olub. Müraciət edənlər arasında ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Cənubi Koreya, İndoneziya və başqa ölkələrdən iş adamları var. İş adamları əsasən, ticarət, xidmət, tikinti, sənaye, kənd təsərrüfatı, turizm kimi sahələrə investisiya yatırmaq maraqlarını ifadə edirlər. Bundan əlavə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6 faizlə ilk yerdə qərarlaşıb. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan hələ uzun illər ərzində xarici investorlar üçün cəlbedici biznes və investisiya məkanı olaraq qalacaq.
Sevinc Azadi, “İki sahil”