10 avqust 2022 02:16
881

Özəlləşdirmə hərracları davam edir: Sən də dövlət əmlakına sahibi olmaq istəyirsənsə...

Ölkəmizdə dövlət əmlakının özəlləşdirilməsi davam etdirilir. Beləliklə, son illərdə ölkədə yatırım etmək istəyənlər üçün yaradılan seçim imkanlarından  biri də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin həyata keçirdiyi özəlləşdirmə hərraclarıdır. Belə hərraclarda səhmdar cəmiyyətlərin dövlətə məxsus səhmləri ilə yanaşı, kiçik dövlət müəssisə və obyektlərinə, qeyri-yaşayış sahələrinə, nəqliyyat vasitələrinə sahib olmaq mümkündür. Həmçinin hərraca çıxarılan dövlət əmlaklarının qiyməti onu deməyə əsas verir ki, iri investorlarla yanaşı, sadə vətəndaşlar da dövlətə məxsus daşınar və ya daşınmaz əmlaka sahib ola bilərlər.

Bu baxımdan avqust ayının 23-də və  30-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti dəfə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclar keçirəcək.

Ayın 23-də keçiriləcək hərraca 36 avtonəqliyyat vasitəsi çıxarılıb. Buraxılış illəri 1970-2011-ci illər olan bu avtomobillərin başlanğıc satış qiyməti 1500-15000 manat aralığında dəyişir. Buraxılış ili 1970-ci il olan avtonəqliyyat vasitəsi “QAZ-24”dür. Onun ilkin hərrac qiyməti 1500 manatdır.  İstehsal ili 2010-cu il olan “Volkswagen Passat”ın başlanğıc hərrac qiyməti 4000 manat, 2006-cı ilin “Audi A6”sı 3000 manat, eyni ilin “Nissan Maxima”sı isə 5000 manatdır. Ən yüksək qiymət isə Milli Məclisinin İşlər İdarəsində istismarda olmuş “Kia Sorento”ya aiddir. Onun başlanğıc hərrac qiyməti 15000 manatdır.

Avqustun 23-də, həmçinin respublikanın şəhər və rayonlarında olan 16 kiçik dövlət müəssisəsi və obyekti təkrar hərraca çıxarılacaq. Hərraca çıxarılacaq əmlaklardan biri sahəsi 1664.4 kvadratmetr olan mağaza paytaxtda, digərləri regionlarda yerləşir. Bu obyektlərin ilkin hərrac qiymətləri 750- 751500 manat arasında dəyişir. Həmin gün "B.Sərdarov adına maşınqayırma zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti də hərraca çıxarılacaq. Müəssisənin ümumi ilkin satış qiyməti 14 milyon 368 min 925 manatdır.

Ayın 30-da isə hərraca 55 dövlət əmlakı çıxarılacaq. Bunlardan 6-sı səhmdar cəmiyyəti, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 36-sı isə nəqliyyat vasitəsidir.

Hərracda iştirak etmək istəyən şəxslər sənaye, quşçuluq və s. sahələrə aid səhmdar cəmiyyətlərin səhm paketlərini özəlləşdirə bilərlər. Belə müəssisələrə “Biləsuvar Broyler”, “Gəncə Quşçuluq” və digər səhmdar cəmiyyətləri aiddir. Onlardan “Əli Bayramlı Kimyəvi Təmizləmə” Səhmdar Cəmiyyətinin bir səhminin nominal qiyməti 0,5 AZN, digərlərinin isə 2 AZN-dir.  

Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 85 min 986 manatla 1 milyon 522 min 110 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən çox olan müəssisə “Bakı Dəzgahqayırma” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən müəssisənin səhmlərinin 44,65 faizi 679 574 manata təklif olunur.

Ayın 30-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq 12 kiçik dövlət müəssisə və obyektin 2-si Bakı şəhərindədir. Onlardan biri Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən şadlıq evidir. Onun ümumi ilkin satış qiyməti 39 min manatdır.

Eyni zamanda, hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1981-2013-cü illər arasında dəyişir.

Ceyhun Piriyev, “İki sahil”