Avqustun 26-da SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
Eldəniz Vəliyev bildirib ki, Birlik şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətlərini həmişə diqqətdə saxlayıb və onların məişət-sosial problemlərinin həllinə çalışıb. 2022-ci ilin 8 ayı ərzində bu kateqoriyadan olan insanlardan Birliyə 807 müraciət daxil olub. Müraciət edənlərdən 276-sı şəhid ailəsi, 304-ü müharibə veteranı, 179-u isə qazi olmuşdur. Həmin müraciətlərin 394-ü qazlaşma, 413- ü isə qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi ilə bağlı olub. Bu müraciətlərin 164-ü Bakı- Abşeron bölgəsindən, 643- ü isə regionlardan daxil olmuşdur.
Cari ildə «Azəriqaz» İstehsalat Birliyinin daxili imkanları hesabına 266 şəhid ailəsi və qazinin mənzilləri qazlaşdırılıb. Bu istiqamətdə 88 nəfər olmaqla ən çox qazlaşma işi Gəncə Regional Qaz İstismar İdarəsinin ərazisində aparılıb.
Eldəniz Vəliyev onu da vurğulayıb ki, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının işlə təmin olunması da «Azəriqaz» İB üçün hər zaman prioritet təşkil edib: «Bu yaxınlarda ali təhsilli fəhlələrin mühəndis kateqoriyasına keçirilməsi ilə bağlı layihələrimizi reallaşdırmağa başlayacağıq. Bu, SOCAR-ın ən yaxşı layihələrindən biri hesab olunur. Layihədə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına xüsusi imtiyaz və güzəştlər nəzərdə tutulub.»
Bildirilib ki, indi qəsəbə və kəndlərdə küçə qaz xətlərinin çəkilişini «Azəriqaz» İB həyata keçirsə də sayğacdan sonrakı qaz xəttlərinin çəkilişini podratçı təşkilatlar aparır. Eyni zamanda, o da vurğulanıb ki, Birlik qazlaşdırılması Dövlət Proqramında yer almayan yeni yaşayış massivlərinin və kəndlərin qazlaşdırılması üçün alternativ variantlar irəli sürüb. Belə ki, istər Bakıda, istərsə də rayonlarda qazlaşdırmaya dair dövlət planına düşməyən məhəllələrin sakinləri öz şəxsi vəsaitləri hesabına qazlaşdırmanı sürətləndirə bilərlər. Bunun üçün ilk növbədə mülkiyyəti təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsi tələb olunur. Bundan sonra məhəllə sakinləri «Azəriqaz» İB-nin «ASAN kommunal» xidmətlərindəki nümayəndəliyinə müraciət edib layihələndirmə işlərinə icazə almalıdırlar. Daha sonra isə qazlaşdırma işləri ilə məşğul olan və müvafiq lisenziyalara malik ixtisaslaşmış podratçı təşkilatlarla razılaşmaq və müqavilə bağlamaq lazımdır. Qaz çəkilişləri ilə məşğul olan podratçı təşkilatlara nağd ödənişlər etmək qeyri-qanunidir.
Elçin Zaman, "İki sahil"
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib