10 sentyabr 2022 10:00
1304

Geoloq: Azərbaycanın inkişafında və neft-qaz sənayemizin tərəqqisində geoloqlarımızın rolu danılmazdır FOTO/VİDEO

Elə dahi geoloqlarımız olub ki, bu gün də onlara həsəd aparıram

SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini Akif Əhmədovun “İki sahil”ə müsahibəsini təqdim edirik:

- Akif müəllim, bir neçə gündən sonra neft-qaz sahəsində çalışanlar, yəni, siz və həmkarlarınız peşə bayramınızı qeyd edəcəksiniz. Əvvəla, əlamətdar gün münasibətilə  sizi təbrik edirik. Eyni zamanda, neftçilərə, bir yerdə çiyin-çiyinə çalışdığınız həmkarlarınıza arzularınızı eşitmək istərdik.

Azərbaycanın neft sənayesi sürətlə inkişaf edir. Biz hamımız bu sahədə qazanılan uğurların, nailiyyətlərin şahidiyik. Ölkəmizin iqtisadiyyatında neft-qaz sənayesi əhəmiyyətli rola malikdir

- Çox sağ olun. Mən də Neftçilər Günü münasibətilə bütün neftçi həmkarlarımı ürəkdən təbrik edirəm. Onlara çətin və şərəfli işlərində uğurlar, cansağlığı arzulayıram. Azərbaycanın neft sənayesi sürətlə inkişaf edir. Biz hamımız bu sahədə qazanılan uğurların, nailiyyətlərin şahidiyik. Ölkəmizin iqtisadiyyatında neft-qaz sənayesi əhəmiyyətli rola malikdir. Bu rol hər il daha da artır. İstər dəniz, istərsə də quru şəraitində neft-qaz yataqlarının axtarışı, aşkarlanması, onların açılması, hasilatının artırılması, eyni zamanda, respublikamızın digər sahələrində çöl geoloqlarının fəaliyyəti olduqca böyükdür. Ümumiyyətlə, Azərbaycanın inkişafında və neft-qaz sənayemizin tərəqqisində geoloqlarımızın rolu danılmazdır.

- Uzun illərdir peşəkar geoloq kimi fəaliyyət göstərirsiniz. İlk karyeranıza harada və necə başlamısınız?

-Mən, o vaxtkı Məşədi Əzizbəyov adına Neft və Kimya İnstitutunu, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Geoloji- kəşfiyyat fakültəsini bitirmişəm. Bir müddət AMEA-nın Geologiya İnstitunda çalışmışam. 1986-cı ildən neft sənayesində işləyirəm. İlk dəfə Üzən Qurğularla Dənizdə Kəfiyyat Qazma İdarəsində Kəşfiyyat şöbəsində geoloq vəzifəsində işləməyə başlamışam. Uzun müddət həm dənizdə, həm də aparatda geoloq kimi çalışdım. Təxminən 20 il qeyd etdiyim idarədə işlədim. Orada sıravi geoloqluqdan sahə, aparıcı geoloq, şöbə müdiri və baş geoloq vəzifələrinə qədər yüksəldim. 2006-cı ildə yeni formalaşan Geofizika və Geologiya İdarəsinə  (GGİ) işə qəbul olundum. Burada əvvəlcə Mühəndisi geologiya və geodeziya şöbəsində şöbə müdiri kimi çalışdım. Sonra geoloji şöbənin rəisi və hazırda da idarənin geofizika və geologiya üzrə rəis müavini vəzifəsində işləyirəm.

-Hər sahənin, peşənin özünəməxsusluğu, özəlliyi var.  Sizin üçün peşəkarlığın əsas meyarı nədir?

-Bütün peşələr şərəflidir. O cümlədən də geoloq peşəsi. Əsas odur ki, gərək seçdiyin sənətin, ixtisasın da peşəkarı olasan. Bunun üçün də daim öz üzərində çalışmalısan, oxumalısan, bilik və bacarığını təkmilləşdirməlisən. Həyatda ancaq çalışmaqla, öz ixtisasını dərindən öyrənməklə seçdiyin peşəyə dərindən yiyələnmək olar.  Həm nəzəri, həm də praktiki təcrübələr toplamaqla həyatda tutduğun mövqeyə çatmaq və peşəkar olmaq mümkündür. Bunlar əsas amildir. Peşəni təkmilləşdirmək üçün həmişə yeni-yeni məlumatlarla, ədəbiyyatlarla, texnologiyalarla tanış olmaq vacibdir.

Bu sahəyə gəlməyimə görə heç zaman peşman olmamışam. Həyatda qazandığım bütün uğurlarıma görə ali məktəb müəllimlərimə, istehsalatda öyrəndiklərimə görə peşəkar geoloqlarımıza təşəkkür edirəm. Çünki bu peşə mənə daxilən bir ruh verir

-Geologiya sahəsini seçərkən heç tərəddüd etməmisiniz?

-Bilirsiniz, geologiya sahəsi bir qədər geniş sahədir. Bizim dənizdə heç də asan olmayan şəraitdə fədakar geoloqlarımız işləyirlər. Onlar bu gün də böyük əzmlə işlərini davam etdirirlər. Geoloq peşəsi mənim üçün lap uşaqlıqdan maraqlı olub. Özüm laçınlıyam. Kəndimizə gələn geoloqlarla həmişə sahələrə gedirdim. Məndə geoloq olmağa böyük həvəs var idi. Elə o məqsədlə də sənədlərimi Neft Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsinə verdim. Bu sahəyə gəlməyimə görə heç zaman peşman olmamışam. Həyatda qazandığım bütün uğurlarıma görə ali məktəb müəllimlərimə, istehsalatda öyrəndiklərimə görə peşəkar geoloqlarımıza təşəkkür edirəm. Çünki bu peşə mənə daxilən bir ruh verir. Geoloji ədəbiyyat oxumadığım bir günüm belə yoxdur.

-Ailədə sizin peşənizi davam etdirən varmı?

-İki qızım, bir oğlum var. Qızlarım başqa sahəni seçdilər. Oğlum isə mənim oxuduğum ali məktəbdə, yəni, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində informasiya texnologiyaları ixtisası üzrə təhsil alıb. Nəvələrim isə hələ kiçikdirlər. Nəvələrim evdə oxuduğum ədəbiyyatları, jurnalları, internetdə geologiya ilə bağlı baxdığım kanalları görürlər. Ola bilsin belə bir şəraitdə gələcəkdə hansındasa bu peşəyə həvəs yaransın.

 

Həyat özü mübarizədir. Həyatda asan iş, peşə yoxdur. Müvəffəqiyyət qazanmaq üçün çətinliklərə sinə gərməlisən. 20 il dənizdə işləmişəm

-Akif müəllim, qeyd etdiyiniz kimi, geoloqlar daim istər dənizdə, istərsə də quruda sahələrdə, mədənlərdə çalışırlar. Ailə ilə az vaxt keçirirlər. Bu peşə sizə ailədə çətinlik yaratmayıb ki?

-Həyat özü mübarizədir. Həyatda asan iş, peşə yoxdur. Müvəffəqiyyət qazanmaq üçün çətinliklərə sinə gərməlisən. 20 il dənizdə işləmişəm. Aparatda işləyəndə belə tez-tez dənizə gedirdim. İş şəraitindəki çətinliklərdən əlavə əlbəttə, müəyyən müddət ailədən də ayrı qalırsan. İndi mobil telefonlar var. Bugünkü dövr neftçilərimiz üçün daha rahatdır. İndi əməyin mühafizəsi, texnologiyalar üzrə çox işlər görülüb. O nöqteyi-nəzərdən indi ilə keçmişi müqayisə etdikdə görürük ki, çox şey dəyişib, müasirləşib. İndi müasirliyi qəbul edib öyrənmək də asandır.

-Bildirdiniz ki, bu peşəni uşaqlıqdan sevmisiniz. Bəs, elə bir şəxs olubmu ki, gənc yaşlarınızda məhz həmin uğurlu insana görə seçdiyiniz peşəyə bir az da çox bağlanmısınız. Şəxsən sizin yaxşı mənada həsəd apardığınız neftçilər, geoloqlar olubmu?

-Çox... Mənə akademiklər, məşhur professor geoloqlar dərs deyiblər. Həmin alimlər içərisində elə dahi geoloqlarımız olub ki, bu gün də mən onlara həsəd aparıram. İndi də həmin təcrübəli, savadlı ağsaqqal geoloqlarımızla daim təmasdayam, onlarla fikir mübadiləsi aparıram. Bunsuz inkişaf mümkün deyil.

 

İndi yeni texnologiya, cihaz və avadanlıqların tətbiqi işlərini uğurla aparmaq, alınan məlumatların dolğunluğunu daha dəqiq təhlil etmək imkanlarına malikik

-Azərbaycanın neft-qaz sənayesinin bugünkü inkişaf səviyyəsi illərini bu sahənin inkişafına həsr edən insan kimi sizi qane edirmi?

-Geofizika və Geologiya İdarəsi çox inkişaf edib. Məsələn, hazırkı idarə 2006-cı ildəki Geofizika və Geologiya İdarəsi deyil. Uğurlarımız, müvəfəqiyyətlərimiz müvəfəqiyyətlərimiz olduqca çoxdur. İndi yeni texnologiya, cihaz və avadanlıqların tətbiqi işlərini uğurla aparmaq, alınan məlumatların dolğunluğunu daha dəqiq təhlil etmək imkanlarına malikik. Çünki müasir dövrdə cihazlar, avadanlıqlarla yanaşı, yeni proqramlar, metodikalar işlənib hazırlanır. Son beş ili götürsək biz dənizdə “Qoşadağ”, “8 Mart”, “Xıdırlı-Bəndovan”, “Çilov”, “Bulla Dəniz” sahələrində quruda Lökbatan dəniz sahəsində, Abşeron yarımadasında, hal-hazırda Kür-Qabırrı çaylarıarası sahədə iş aparırıq. Yaponiyanın böyük şirkəti ilə müqavilə bağlamışıq və “Ütəngi” blokunda işlər aparırıq. Yeni yataqların açılması, neft-qaz ehtiyatlarının  və hasilatın artırılması üçün idarədə genişmiqyaslı işlər görülür. Ona görə də bugünümüzlə keçmiş dövrü müqayisə edəndə görürük ki, elm və  texnika demək olar ki, çox tez-tez modernləşir, yenilənir.

-Neft sənayesinə yeni gələn gənclərimizin potensialını necə qiymətləndirirsiniz?

-Bizim potensiallı gənclərimiz var. Onları təcrübə toplamaları, öz üzərlərində işləmələri, bilik və bacarıqlarının artırılması üçün müxtəlif kurslara, treninqlərə cəlb edirik. İldən-ilə gənc, həvəsli  mütəxəssislərin sayı artır. Bizim həm geoloq, həm geofiziklərimizlə gənclərimiz fikir mübadiləsi aparıırlar. Hiss edəndə ki, gənclərdə öyrənmək həvəsi var adam fərəhlənir. Fərəhlənirsən ki, gələcək neft-qaz sənayemizin inkişafında onların rolu böyük olacaq.  

Orxan Vahidoğlu,
Günel Cəlilova,
“İki sahil”