SOCAR-a məxsus torpaqlara sənəd verməyin
Oktyabrın 7-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
Birliyin Sayğaclara nəzarət şöbəsinin rəisi Rövşən Məhiyəddinov bildirib ki, bu gün 2,4 milyona yaxın abonent qaz sayğacları ilə təmin edilib: « 2022-ci ilin əvvəlində dövri yoxlama müddəti bitmiş 650 minə qədər qaz sayğacı mövcud idi. Məhz cari ilin 9 ayı ərzində həmin sayğacların 210 mininin əvəz olunması təmin olunub. Qaz sayğaclarının dövri yoxlama müddəti 5 il müəyyən olunduğu üçün bu rəqəmlər hər gün yenilənir. Yəni burada sıfırlamadan söhbət gedə bilməz. Bu, mütəmadi davam edən prosesdir”.»
«Azəriqaz» İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev jurnalistlərin qazlaşmaya dair suallarını cavablandıraraq bildirib ki, planlaşdırılmış 1 yaşayış massivinin və 16 kəndin qazla təminatını ilin sonuna kimi başa çatdırmaya bilərik: «Buna səbəb 2022-ci ildəki qazlaşdırmanın əvvəlki illərə nisbətən gec başlamasıdır. Gecikmə isə boru çatışmazlığı ilə bağlıdır. Belə ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar «Azəriqaz» İB-nin boru təchizatında problemlər yaşayır. Buna baxmayaraq ölkə üzrə qazlaşdırma davam edir. Bu il qazlaşdırılması nəzərdə tutulan 69 yaşayış məntəqəsindən və 62 yaşayış massivindən 5 kənd və 10 yaşayış massivinə qaz verilib. Bununla yanaşı 43 kənd və 30 yaşayış massivində qazlaşdırma işləri davam etdirilir. Eyni zamanda, 5 kənd və 21 yaşayış massivi istismara qəbul prosesindədir.»
Tədbirdə Eldəniz Vəliyev yerli bələdiyyə rəhbərlərinə və icra nümayəndələrinə müraciət edərək SOCAR-ın ərazisi hesab olunan torpaqlara sənədlər verməməyi tövsiyə edib. Bildirib ki, bu, sonradan « Azəriqaz»la vətəndaşlar arasında mübahisələrə səbəb olur: «Çünki vətəndaş SOCAR-ın ərazisində tikdirdiyi qeyri-qanuni evlərin qazlaşdırılmasını tələb edir. Biz isə onlara izah edirik ki, bu ərazilər SOCAR-a məxsusdur və orada yerin təkindəki sərvətlər xalqın və dövlətindir. Onların yaxın gələcəkdə istehsalı və emalı gözlənilir.»
Elçin Zaman, «İki sahil»
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib