14 oktyabr 2022 17:08
733

Yeni Azərbaycan Partiyasının fəaliyyətində ulu öndər Heydər Əliyevin ideya və arzuları yaşayır - FOTO

Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə YAP Kürdəmir rayon təşkilatının "Cəyli" ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, Kürdəmir rayon Cəyli tam orta məktəbinin akt zalında keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşü YAP Kürdəmir rayon təşkilatı “Cəyli” ərazi partiya təşkilatının sədri Gülşən Zeynallı açaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ərəfəsində olduğumuzu və partiyanın xalq qarşısındakı xidmətlərindən bəhs edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub. Qeyd olunub ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub.

Görüşdə Cəyli kənd tam orta məktəbinin direktoru Niyazi Əskərov, YAP fəalları Abuzər Quliyev və Həbib Manafov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin xalqımız, ölkəmiz üçün gördüyü misilsiz işlərdən danışaraq xalqımza Zəfər sevinci yaşadan müzəffər Ali Baş Komandanın ətrafında, Yeni Azərbaycan Partiyasının sıralarında bundan sonra da daha sıx formada birləşəcəklərini, Azərbaycanın gələcək tərəqqisi naminə partiyamızın Sədrinin həyata keçirdiyi siyasəti hər zaman dəstəkləyəcəklərini bildirdilər.

Görüşdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Gülnar Məmmədova Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi uğurlu tarixi yola nəzər salaraq Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövləti üçün gördüyü misilsiz işlərdən söz açdı. 1992-ci ildə xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının qısa zaman ərzində xalqın etimadını doğrultduğu və ümumxalq partiyasına çevrildiyi, müstəqil Azərbaycanın qazandığı uğurların Yeni Azərbaycan Partiyasının adı ilə bağlı olduğu vurğulandı. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin təməlində də məhz Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin siyasi ideolgiyası dayanır.