Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi ilə bağlı tədbir keçirilib
Oktyabrın 13-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında qurumun yaranmasının 35 illiyi ilə bağlı yubiley tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, Veteranlar Təşkilatından bildiriblər ki, tədbirdə veteranlar, ictimai-siyasi xadimlər, media nümayəndələri, dövlət və QHT təmsilçiləri, o cümlədən Müdafiə Nazirliyinin əməkdaşları iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra ulu öndər Heydər Əliyevin büstü önünə çələng qoyulub.
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştirakçılarını salamlayıb, Təşkilata göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını çatdırıb.
Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov qurumun tarixindən, keçdiyi yoldan, 44 günlük Vətən müharibəsi və postmüharibə dövründəki fəaliyyətindən danışıb. Polkovnik qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman dövlətin yanında olub, milli maraqlarımızın qorunması istiqamətində səylə çalışıb. Polkovnik Cəlil Xəlilov veteranların bundan sonra da dövlətçiliyin keşiyində ayıq-sayıq dayanacağını, Prezident İlham Əliyevin siyasətini qətiyyətlə müdafiə etməkdə davam edəcəklərini bildirib.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun məsul əməkdaşı Samir Məmmədov veteranların gənclər üçün nümunə olduğunu, öz həyat yolları, qəhrəmanlıqları, əmək fəaliyyətləri ilə onlara örnək olduğunu bildirib.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxışında veteranlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb, eyni zamanda, veteranların gənclər arasında apardığı vətənpərvərlik tərbiyəsinin önəmindən danışıb. Cəmiyyətdə veteranların xüsusi çəkiyə malik olduğunu bildirən polkovnik Azərbaycan xalqının hər zaman veteranlara hörmət və ehtiramla yanaşdığını, veteranların isə gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynadığını söyləyib.
Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik fəaliyyətindən bəhs edilən videorolik nümayiş edilib, hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.
Sonda Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Elvin Əzizov veteranlar adından Prezident İlham Əliyevə ünvanlanan müraciəti səsləndirib. Müraciətdə onlara göstərilən qayğıya görə Azərbaycan Prezidentinə təşəkkür edən veteranlar hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin başçısının hər bir çağırışını dəstəkləyəcəklərini, ölkəmizin inkişafı və tərəqqisi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətində, vətənpərvərlik tərbiyəsinin təbliğində fəal iştirak edən şəxslər Müdafiə Nazirliyi və Təşkilat tərəfindən təltif olunub.