15 oktyabr 2022 00:56
729

Hərraclara 14 müəssisə və 74 nəqliyyat vasitəsi çıxarılacaq - Özəlləşdirmə

Ölkəmizdə dövlət əmlakının özəlləşdirilməsi davam etdirilir. Beləliklə, son illərdə ölkədə yatırım etmək istəyənlər üçün yaradılan seçim imkanlarından  biri də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin həyata keçirdiyi özəlləşdirmə hərraclarıdır. Belə hərraclarda səhmdar cəmiyyətlərin dövlətə məxsus səhmləri ilə yanaşı, kiçik dövlət müəssisə və obyektlərinə, qeyri-yaşayış sahələrinə, nəqliyyat vasitələrinə sahib olmaq mümkündür. Həmçinin hərraca çıxarılan dövlət əmlaklarının qiyməti onu deməyə əsas verir ki, iri investorlarla yanaşı, sadə vətəndaşlar da dövlətə məxsus daşınar və ya daşınmaz əmlaka sahib ola bilərlər.

Növbəti hərraclar oktyabrın 18-i və 25-də keçiriləcək. Hərraclara 14 kiçik dövlət müəssisəsi və 74 nəqliyyat vasitəsi çıxarılacaq. Oktyabrın 18-də keçiriləcək hərraca 47 avtomobil çıxarılacaq. Avtomobillərin qiyməti 750 manatdan başlayır. Bu qiymətə 1992-ci ilin istehsalı olan “VAZ-2121” markalı avtomobili əldə etmək olar. Həmçinin 1996-cı ilin istehsalı olan “VAZ-21053” və 1999-cu ilin “VAZ-2106” avtomobillərinin ilkin hərrac qiyməti 750 manat təşkil edir. Eyni zamanda, 2006-cı ilin istehsalı olan  “Volkswagen Polo” markalı avtomobilin ilkin hərrac qiyməti 1875 manat, 2005-ci ilin “Nissan Sunny”si 2625 manat, 2013-cü ilin “Chevrolet Niva”sı 4500 manatdır. Hərracda ən yüksək qiymət 2011-ci ilin istehsalı olan “Hyundai İX-35” markalı avtmobilə aiddir. Onun ilkin hərrac qiyməti  9750 manat təşkil edir. Lakin eyni il və markalı digər belə avtomobil 8100 manata hərraca çıxarılacaq.

Digər hərraca isə 27 nəqliyyat vasitəsi çıxarılacaq. Oktyabrın 25-də keçiriləcək hərracda ən aşağı qiymət “Vaz 2106” markalı avtomobil üçün müəyyən edilib. Onun ilkin hərrac qiyməti 1000 manatdır. Hərraca, eyni zamanda, 2005-ci ilin istehsalı olan “Nissan Altima” (5000 manat), 2007-ci ilin buraxılışı “Nissan Teana” (6000 manat), 2013-cü ilin “Kia Sorento”su (10 000 manat)da çıxarılacaq.

Oktyabrın 25-də, həmçinin paytaxt və regionlarda 14 kiçik müəssisə və obyekt təkrar hərraca çıxarılacaq. Onların arasında Xəzər rayonunda yerləşən “Mərdəkan” restoranı diqqəti cəlb edir. İlkin satış qiyməti 300 min manat olan bu obyektin ümumi faydalı ərazisi 1743,9 kvadratmetrdir. Qaradağ rayonunda şadlıq evinin ümumi start qiyməti isə 39 min manat təşkil edir. Obyektin ümumi sahəsi 740,2 min kvadratmetrdir. Paytaxtda özəlləşdirməyə çıxarılacaq digər obyekt isə Sabunçu rayonunda yerləşən 41 saylı mağazadır.Ümumi faydalı sahəsi 105,4 kvadratmetr olan mağazanın ilkin hərrac qiyməti 12 min 500 manatdır.

Regionlara gəldikdə isə özəlləşdirilməyə çıxarılan müəssisələr arasında "Çinar" soyuducular zavodunun Şəmkir filialı, Şəmkir yun tədarükü məntəqəsi, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, "Qubek Otel" istirahət zonası var. Onların start satış qiyməti 150 000-9 100 000 manat arasında dəyişir.

Bundan başqa, Neftçala rayonunda sahəsi 16 kvadratmetr olan bərbərxananın ilkin hərrac qiyməti 800 manat, Lənkəran rayonunda sənətkarlıq klubunun ilkin satış qiyməti 250 manat, İsmayıllı rayonunda özəlləşdiriləcək sahəsi 1364,9 kvadratmetr olan yaradıcılıq evinin start qiyməti 15 min manatdır.  

Bu dövlət əmlakları  ticarət və xidmət sahələrinə sərmayə yatırmaq istəyən investorlar üçün olduqca əlverişlidir. Hərraca çıxarılan dövlət əmlaklarının qiymətləri onu deməyə əsas verir ki, iri investorlarla yanaşı, sadə vətəndaşlar da daşınar və ya daşınmaz əmlaka sahib ola bilərlər.

Ceyhun Piriyev, “İki sahil”