10 noyabr 2026 19:00
62

COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib

Noyabrın 9-da Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycan, Braziliya və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkilatçılığı ilə sağlamlıq məsələlərinin qlobal iqlim gündəliyində rolunun gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli dəyirmi masa təşkil edilib.

“İki sahil” xəbər verir ki, tədbir COP29-a Azərbaycanın sədrliyi dövründə iqlim və sağlamlıq sahəsində əməkdaşlığın davamlılığını təmin etmək məqsədilə tərəfdaş ölkələr və ÜST ilə birgə təsis edilmiş İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrlikləri Koalisiyası çərçivəsində keçirilib.

Tədbirin açılışında Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, Braziliyanın səhiyyə naziri Aleşandre Padilya, Türkiyənin Səhiyyə Nazirliyinin Avropa İttifaqı və xarici əlaqələr üzrə baş direktoru Aziz Alper Biten və ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış ediblər.

Dəyirmi masada, həmçinin Misirin Səhiyyə və Əhali Nazirliyinin yüksək səviyyəli rəsmisi Hossam Abdel Qaffar, Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə və Profilaktika Nazirliyinin İctimai Səhiyyə və Profilaktika Departamentinin ətraf mühit və əmək gigiyenası üzrə bölməsinin rəhbəri Moza əl-Kətbi çıxış ediblər.

COP29-dan ötən dövr ərzində iqlim və sağlamlıq sahəsində əldə olunmuş irəliləyişlər, o cümlədən COP30 çərçivəsində irəli sürülmüş Belem Sağlamlıq üzrə Fəaliyyət Planı və ÜST-nin İqlim və Sağlamlıq üzrə Transformativ Fəaliyyət Alyansının (ATACH) fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Türkiyə tərəfindən irəli sürülmüş, səhiyyə sistemlərinin iqlim dəyişmələrinə dayanıqlılığının gücləndirilməsinə yönəlmiş Antalya təşəbbüsü (AIR) müzakirə edilib.

Müzakirələr zamanı səhiyyə sistemlərinin iqlim dəyişmələrinin mənfi təsirlərinə qarşı dayanıqlılığının artırılması, müvafiq maliyyə resurslarının səfərbər edilməsi, iqlim və sağlamlıq sahəsində beynəlxalq öhdəliklərin milli səviyyədə həyata keçirilməsi, eləcə də ölkələr arasında əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.