09 noyabr 2026 18:53
2040

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

Azərbaycanın su ehtiyatlarının əhəmiyyətli hissəsinin mənbəyi ölkənin sərhədləri xaricindədir və bu, transsərhəd əməkdaşlığının vacibliyini vurğulayır. Bakı və bütün Abşeron yarımadası da yarımadanın xaricindən təmin edilən şirin sudan asılıdır.

“İki sahil” xəbər verir ki, COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bu fikri Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP31) çərçivəsində Azərbaycan pavilyonunda təşkil edilən su təhlükəsizliyi ilə bağlı sessiyada bildirib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev “Bakı və Abşeron yarımadasında 2026-2035-ci illər üçün su təchizatının, yağış suyu və tullantı su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. “Bu proqrama içməli su təchizatı, kanalizasiya və yağış suyu sistemlərinin inkişafı, yeni təmizləyici qurğuların və kollektorların tikintisi, su risklərinin idarə edilməsi və alternativ su mənbələrinin axtarışı daxildir”, - deyə M. Babayev izah edib.

Onun sözlərinə görə, dövlət-özəl tərəfdaşlığı vasitəsilə “ACWA Power” ilə birgə həyata keçirilən Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi bu yanaşmanın praktik nümunəsidir. “Baza duzsuzlaşdırma gücü gündə 300.000 kubmetrdir ki, bu da Bakı və Abşeron üçün əlavə su mənbəyi təmin edəcək, mövcud şirin su ehtiyatlarından asılılığı azaldacaq”, - deyə M. Babayev bildirib.

COP29 prezidenti qeyd edib ki, Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi beynəlxalq əməkdaşlığın iqlim dəyişmələrinə uyğunlaşma sahəsində milli prioritetlərin həyata keçirilməsinə necə töhfə verə biləcəyini nümayiş etdirir. O əlavə edib: “Dövlət ictimai ehtiyacları müəyyən edir, özəl investisiyalar və peşəkar təcrübə isə infrastrukturun yaradılmasına töhfə verir. Məqsəd dəyişməz qalmalıdır: insanları etibarlı və əlverişli su ilə təmin etmək”.

M. Babayev COP29-un Azərbaycandakı nəticələrini xatırladaraq qeyd edib ki, Bakı əvvəldən iqlim maliyyələşdirməsini beynəlxalq ətraf mühitin mühafizəsi səylərinin mərkəzinə qoymağa sadiqdir.

“COP31-də iştirak edən hökumətləri, şirkətləri və maliyyə qurumlarını su çatışmazlığı yaşayan digər ölkələrdə layihələrə investisiya qoyuluşunu asanlaşdırmaq üçün mövcud təcrübələri öyrənməyə çağırırıq. Məqsədimiz iqlim dəyişmələrinin təsirlərinə tab gətirə bilən etibarlı su təchizatını təmin etməkdir”, - deyə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi bildirib.