18 oktyabr 2022 01:57
560

Əhalinin əmanətləri: Faizin azalması artıma əngəl olmur

Əmanət faizlərinin inflyasiyadan xeyli geri qalmasına baxmayaraq əhalinin banklardakı vəsaitlərinin məbləği artmaqda davam edir. Mərkəzi Bankın məlumatına görə, sentyabr ayının əvvəlinə bankların depozit portfelinin  34,9 faizini fiziki şəxslərin əmanətləri təşkil edib. Təkcə avqust ayı ərzində bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 0,3 faiz (26,5 milyon manat) artaraq 10 milyard 632 milyon manat təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin məbləğinin artması banklara olan etimadın göstəricisi sayıla bilər. Ancaq burada başqa nüanslar da var. Əvvəlcə ondan başlayaq ki, bankların kredit faizləri artmaqda davam etsə də  əmanət faizləri azalmaqdadır. Milli valyutada yeni cəlb edilmiş əmanətlərin orta faiz dərəcəsi sentyabrın 1-i tarixinə 8,86 faiz təşkil edib. Hərçənd ki, bu ilin əvvəlində bu göstərici 9,07 faiz olmuşdu. Yeni verilmiş manatla kreditlərin orta faiz dərəcəsi isə 17,16 faiz olub. Bir ay əvvəl 16,67, ilin əvvəlində isə 16,43 faiz idi. Göründüyü kimi, kreditlərin orta faiz dərəcəsi əmanətləri 2 dəfəyə yaxın üstələyir.

Lakin buna baxmayaraq əmanətlərin artması əhalinin sərəncamlarında olan vəsaitlərin inflyasiyanın təsirindən qismən də olsa qorumaqla izah edilə bilər. Hərçənd ki, cari ilin təkcə yanvar-avqust aylarında 13,2 faizlik inflyasiya fonunda banklara qoyulmuş əmanətlərin real gəlirliliyinin mənfidə olduğu orta çıxır.

Əmanətlərin artmasının bir səbəbi də milli valyutanın məzənnəsinin sabit olaraq qalmasıdır. Belə ki, fiziki şəxslərin əmanətlərinin artması fonunda onların dollarlaşması avqust ayında əvvəlki aya nisbətən 0,2 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5 faiz bəndi azalaraq 39,7 faiz təşkil edib. Digər tərəfdən, depozitlərin artım tempinin kreditlərin artım tempini üstələməsi faiz dərəcələrinin azalmasına gətirib çıxarır.  Belə ki, təkcə avqust ayında bankların depozit portfeli 2,8 faiz və ya 836,7milyon manat artsa da kreditlər cəmi 0,8 faiz və ya 151,2 milyon manat çoxalıb.

Əmanətlərin əksər hissəsi paytaxtın payına düşür. Əmanətlərin 89,1 faizi Bakı iqtisadi rayonundakı banklara qoyulub.  Ən az əmanət göstəricisi isə Mil-Muğan iqtisadi rayonu üzrə qeydə alınıb. Ümumi əmanətlərin 0,3 faizi bu iqtisadi rayona aiddir. Əmanətlər üzrə ən aşağı faiz dərəcəsi isə Naxçıvan iqtisadi rayonundadır. Burada əmanətlər üzrə orta faiz dərəcəsi 2 faiz, o cümlədən manatla 2,34 faiz, xarici valyutada 0,74 faiz olub. Burada milli valyutada müddətli əmanətlər üzrə orta faiz 6,79 faiz, tələbli əmanətlər üzrə isə 0,31 faiz təşkil edib. Ümumi əmanətlərin 0,61 faizi bu iqtisadi rayonun payına düşüb.

Hesabat dövründə əmanətlərə ən yüksək faiz verilən bölgə isə Abşeron-Xızı iqtisadi rayonudur. Burada əmanətlər üzrə orta faiz dərəcəsi 5,6 faiz, o cümlədən manatla 6,5 faiz, xarici valyutada  0,58 faizdir. Həmçinin manatla müddətli əmanətlər üzrə orta faiz 9,15, tələbli əmanətlər üzrə 0 faiz təşkil edib. Ölkə üzrə banklardakı əmanətlərin cəmi 3,1 faizi bu bölgəyə aiddir. Müddətli əmanətlər üzrə ən yüksək faiz dərəcəsi isə Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada müddətli əmanətlər üzrə orta faiz dərəcəsi 9,69 faiz olub. Bununla belə, ümumi əmanətlərin cəmi 0,74 faizi bu ərazinin payına düşüb. 

Ceyhun Piriyev, “İki sahil”