21 oktyabr 2022 03:19
537

Avtomobil idxalı: Sayı azalmaqda, qiyməti artmaqdadır

Azərbaycana avtomobil idxalı azalmaqda davam edir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ölkəyə 743 milyon 966 min dollar dəyərində 55 min 199 ədəd nəqliyyat vasitələri idxal edilib. Bununla da ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 9 min 755 ədəd və ya 15 faiz azalıb, dəyəri isə 84 milyon 458 min dollar və ya 14,1 faiz artıb.

Ötən ilin yanvar-sentyabr aylarında ölkəyə idxal edilmiş 1 avtomobilin orta qiyməti 10 min 153 dollar olmuşdusa bu il bu rəqəm  13 min 478 dollara yüksəlib.

İdxalın strukturu ilə tanış olanda məlum olur ki, hesabat dövründə minik və yük avtomobillərinin sayı azalsa da avtobus, hibrid və elektrik mühərrikli, xüsusi təyinatlı  avtomobillərin sayında artım olub.

Say etibarilə idxalı ən çox azalan yalnız daxili yanma mühərrikli minik avtomobilləri olub. Bu avtomobillərin idxalda xüsusi çəkisi həm say, həm də dəyər baxımından da azalıb. Lakin bir ədədinin də orta qiyməti 25,5 faiz  artıb.  Belə ki, avtomobillərin sayı 51 min 55 ədəd təşkil edib ki, bu da ötən illə müqayisədə 9523 və ya 15,7 faiz azdır. Bu il ölkəyə gətirilmiş belə avtomobilin bir ədədinin orta qiyməti 11 min 660 dollar olub. Ötən il bu rəqəm 9 min 288 dollar idi. Nəticədə cari ilin 9 ayında ötən ilin eyni dövrünə nisbətən belə nəqliyyat vasitələrinin avtomobil idxalında xüsusi çəkisi say müstəvisində 93,3 faizdən 92,5 faizə, dəyər müstəvisində 85,3 faizdən 80 faizə enib.     

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin sayı isə 2,4 dəfə artıb. Ötən il ölkəyə idxal edilmiş bir ədəd belə nəqliyyat vasitəsinin orta qiyməti 142 min 550 dollar olmuşdusa cari ildə bu göstərici 3,6 faiz azalaraq 137 min 450 dollara enib. Bu ilin 9 ayında belə nəqliyyat vasitələrinin idxalının dəyəri 2,3 dəfə artaraq 46 milyon 321,36 min dollar dollara çatıb. 

Daxili yanma mühərriklə yanaşı elektrik mühərrikilə də hərəkətə gətirilən nəqliyyat vasitələri, yəni “hibrid”lərə gəlincə, cari ilin 9 ayında ölkəyə gətirilmiş belə avtobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artıb. Ancaq qiymət artımı daha böyükdür. Ötən il ölkəyə gətirilmiş belə avtobillərin 1 ədədinin orta qiyməti 6 min 108 dollar olmuşdusa cari ildə bu rəqəm 91,7 faiz artaraq 11 min 710 dollara çatıb.  Nəticədə “hibrid” avtomobillərin idxalının dəyəri  105 milyon 379,27 min  dollar olub ki, bu da 2 dəfə artım deməkdir.  

Yalnız elektrik mühərrikilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı isə 3,2 dəfə artıb.  Bu il ölkəyə gətirilmiş belə vasitənin 1 ədədinin orta qiyməti 33 min 696 dollar, ötən il isə 24 min 534 dollar olmuşdu. Hesabat dövründə bu qrupdan olan ixracın dəyəri 4,5 dəfə artaraq 10 milyon 142,68 min dollar olub.  

Bu dövrdə ölkəyə gətirilmiş yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin sayı isə 538 ədəd azalıb, 1 ədədinin orta qiyməti isə 32 faiz artıb. Nəticədə belə avtomobillərin idxalının dəyəri 14,8 faiz artaraq 73 milyon 676 min dollar təşkil edib.  Eyni zamanda, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin sayı 2 dəfə artıb, qiyməti 15,2 faiz artıb. Nəticədə belə nəqliyyat vasitələrinin idxalının dəyəri 2,3 dəfə artıb.

Bununla da cari ilin yanvar-sentyabr aylarında ölkəyə gətirilmiş avtomobillərin sayı azalsa da dəyərinin artması  qiymət artımı, xüsusilə də  daxili yanma mühərrikli minik avtomobilləri,“hibrid” mühərrikli nəqliyyat vasitələrinin və yük avtomobillərinin statistik dəyərinin qiymətlərinin artması ilə bağlıdır. Ümumilikdə, 9 ayda ölkəyə gətirilmiş avtomobillərin dəyəri ümumi idxalın 7,2 faizinə bərabər olub.

Ceyhun Piriyev, “İki sahil”