Oktyabrın 21- də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, Birlik payız-qış mövsümünə hazırlıqla bağlı təmir-bərpa işlərinin həcmini və sürətini artırıb. Onun sözlərinə görə, bura kəmərlərin təmiri, həmçinin mövcud kəmərlərə texniki baxışın keçirilməsi də daxildir: «İstehlakçıların fasiləsiz təbii qazla təmin olunması üçün cari ildə 668 ədəd qaz tənzimləyici, 546 ədəd müxtəlif diametrli bağlayıcı armatur quraşdırılıb. Bundan başqa, 57 ədəd qaz tənzimləyicinin yeri dəyişdirilib, 148 ədəd qaz tənzimləyici dayaqlar üzərinə qaldırılıb.»
Şöbə rəisinin sözlərinə görə, gələcəkdə korroziya nəticəsində yaranacaq sızmaların qarşısının alınması məqsədi ilə 35.660 p/m torpaqla təmasda olan qaz kəmərinin dayaqlar üzərinə qaldırılması, eyni zamanda 128.316 p/m qaz kəmərinin antipas boya ilə rənglənməsi təmin olunub. Qaz kəmərlərində yaranma ehtimalı olan sızmaların vaxtından əvvəl aşkar olunması və payız-qış mövsümündə istehlakçıların təbii qaz təchizatında fasilələrin minimuma endirilməsi məqsədi ilə istismarda olan yeraltı və yerüstü orta təzyiqli 1126 ədəd qaz kəmərinin kipliyi yoxlanılıb. Nəticədə aşkar olunmuş sızmalar və neqativ hallar aradan qaldırılıb. Şəbəkənin tozdan və mexaniki qarışıqlardan təmizlənməsi üçün qazpaylayıcı stansiyalarda 8 ədəd yeni qaz filtri quraşdırılıb. Həmçinin istismarda olan 162 ədəd filtr təmizlənib, 9 ədəd kollektorun rənglənməsi və quraşdırılması işi həyata keçirilib. Cari ildə temperatur dəyişməsi nəticəsində qaz kəmərlərinin gərilməsinin qarşısının alınması məqsədi ilə 6 ədəd kompensator quraşdırılıb.
İ. Behbudov payız-qış mövsümündə dəm qazından zəhərlənmələrin daha çox olmasının səbəblərindən də danışıb. Bildirib ki, mənzillərin tüstü- bacalarının vaxtında təmizlənməməsi, qaz cihazlarından standartlara uyğun istifadə edilməməsi, o cümlədən qeyri-qanuni qaz çəkilişləri ciddi faciələrə səbəb olur : « Ona görə də mənzillərə texniki baxışların keçirilməsi zərurəti yaranıb. Biz gələcəkdə «Azəriqaz» İB olaraq bu işlərlə səmərəli məşğul olmağa çalışacağıq.» Onun sözlərinə görə, təbii qazdan təhlükəsiz istifadə, eyni zamanda, hər bir abonentin məsuliyyət məsələsidir: « Ola bilsin ki, gələcəkdə bu istiqamətdə pozuntulara yol verənlərə qarşı daha ciddi tədbirlər həyata keçirilsin. Burada abonentin cərimələnməsi məsələsi də gündəmə gələ bilər.»
Elçin Zaman, «İki sahil»
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib