22 oktyabr 2022 17:17
561

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun nazirlər səviyyəsində keçirilən iclasına qatılacaq

Oktyabrın 25-də Qahirədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) nazirlər səviyyəsində iclası keçiriləcək.

İclasda ölkəmizi energetika nazirinin müavini Kamal Abbasov təmsil edəcək. İclasın gündəliyi barədə məlumat verən Misirin neft və mineral ehtiyatlar naziri Tariq Molla bildirib ki, GECF ölkələrinin nazirləri və beynəlxalq enerji şirkətlərinin rəhbərləri tərəfindən qaz ehtiyatları, hasilat və ixracat, qaz yataqlarının istismarının ətraf mühitə təsiri məsələləri müzakirə olunacaq.

Əlcəzair, Misir, Rusiya, İran, Boliviya, Qətər, Nigeriya, Venesuela, Ekvatorial Qvineya, Liviya, Trinidad Tobaqo 2001-ci ildə təsis olunmuş GECF-in daimi üzvləridir. Bundan başqa, Azərbaycan, İraq, Norveç, Peru, BƏƏ, Anqola, Mozambik və Malayziya Forumda müşahidəçi statusuna malikdir. Qlobal qaz ehtiyatlarının 72 faizi, boru kəmərləri vasitəsilə ixracatın isə 55 faizi bu ölkələrin payına düşür.

AZƏRTAC