23 oktyabr 2022 08:23
1218

Səkinə Babayeva: Qadın sahibkarlığının ən çox üstünlük verdiyi sahələrdən biri turizmdir

Qadın sahibkarlığının inkişafı ölkənin iqtisadi siyasətində əsas prioritetlərdən biridir. Ölkəmizdə qadınların bəziləri sahibkarlıq fəaliyyətinə evdə məşğulluqdan başlasa da, sonradan fəaliyyətini genişləndirərək orta sahibkarlıq subyektinə çevrilə bilir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanda Qadın Sahibkarlığının İnkişaflı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva deyib: "Belə bir halın müşahidə edilməsini çox sevindirici məqam kimi qiymətləndirən Assosiasiya sədrinin sözlərinə görə, qadın sahibkarlığının inkişafında müəyyən meyillər müşahidə edilir. Azərbaycanın çox gözəl turizm potensialı olduğundan turizm sahəsinə də bir istiqamət olaraq üstünlük veririk. Biz qadın sahibkarlığında tibbi, sağlamlıq, ekoturizm istiqamətləri üzrə də artan meyillər görürük”.

S.Babayeva qeyd edib ki, ən çox üstünlük verdikləri sahə kənd təsərrüfatı məhsullarının istehsalının inkişafıdır. Çünki bu sahə evdə məşğulluğun təmin edilməsinə daha çox dəstək verir. Bir çox hallarda isə evdə məşğulluq fəaliyyəti inkişaf edərək qollarını sənaye istiqamətləri üzrə şaxələndirir ki, bunun nəticəsində kiçik sənaye daha da genişlənir: “Evdə məşğulluğun digər bir istiqaməti yaradıcı sənaye - əl işlərinin hazırlanması, yeni yaradıçılıq məhsullarının ortaya qoyulmasıdır. Bu sahə ilə məşğul olan qadınlar öz fəaliyyət sahələrini genişləndirərək onları kiçik emalatxanalar səviyyəsinə çatdırmağa çalışırlar”.

Qadın sahibkarlığının inkişafı üçün dövlətimiz tərəfindən geniş imkanların yaradıldığını söyləyən AQSİA sədrinin fikrincə, əsas məsələlərdən biri qadınların yeni biznesə başlaması üçün özlərinə güvənməsi və sahibkar olma arzusunu gercəkləşdirməkdən ötəri səy göstərməsidir.