25 oktyabr 2022 01:57
627

Nağdsız ödənişlər: Elektron ticarətin dövriyyəsi 2,9 dəfə artıb

Ölkədə nağdsız ödənişlərə maraq artmaqda davam edir. Mərkəzi Bankın məlumatına görə, ölkədaxili nağdsız əməliyyatların həcmi cari ilin yanvar-avqust aylarında  keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Bu dövrdə kartlar vasitəsilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 14 milyard 126 milyon manat təşkil edib.  Həyata keçirilən nağdsız ödənişlərin 10 milyard 621 milyon manatı və ya 75,2 faizi elektron ticarətin, 3 milyard 485 milyon manatı və ya 24,7 faizi POS-terminalların, 20 milyon manatı və ya 0,1 faizi ATM-lərin payına düşüb.

Ən böyük artım elektron ticarət üzrə qeydə alınıb. Yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamətdə ödənişlərin dövriyyəsi 2,9 dəfədən çox artıb. Həmçinin POS-terminallar üzrə 42,9 faiz artım ATM-lər üzrə isə 28,6 faiz azalma olub.

Nağdsız ödənişlərin artmasının səbəblərindən biri ödəniş kartlarının sayının çoxalmasıdır. Belə ki, bank sistemi üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nisbətən 180 min ədəd artaraq 12 milyon 609 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22,9 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22,4 faiz, kredit kartları üzrə 26,7 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 117 min, kredit kartları 341 min, digər kartlar isə 1,8 milyon ədəd artıb.

Ancaq kartlarla təkcə nağdsız əməliyyatlar deyil, nağd pulun çıxarılması əməliyyatları da artıb. Belə ki, bu ilin 8 ayında 19 milyard 962 milyon manat kartlardakı pulun nağdlaşdırılması əməliyyatı aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz çoxdur. Vəsaitlərin 95,85 faizi ATM-lər vasitəsilə nağdlaşdırılıb. 

Ümumilikdə, cari ilin 8 ayı ərzində nağd pulun çıxarılması əməliyyatlarının  dövriyyəsi ümumi ölkədaxili əməliyyatların 58,6 faizini təşkil edib.

Qeyd edək ki, ölkədə nağdsız ödənişlərin inkişafı məqsədilə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” qəbul edilib. Proqram vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsini, nağd dövriyyənin həcminin minimuma endirilməsini və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsini təmin etməli idi. Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcminin təqribən 17 milyard manat artacağı gözlənilirdi. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcəyi anlamına gəlir. Nəticədə bütövlükdə iqtisadi əməliyyatlarda nağd ödənişlərin payının 40 faizə qədər azalacağı proqnozlaşdırılmışdı.

Nağdsız ödənişlərin əsasən elektron ticarətin hesabına artması bu sahədə şaxələndirmə siyasətinin aparılmasına ehtiyacın olmasından xəbər verir. 2023-cü ildən  “ƏDV geri al” mexanizmi çərçivəsində qaytarılan məbləğlərin faiz dərəcəsinin nağdsız ödənişlər üzrə 15-dən 20-yə yüksəldilməsi, nağd ödənişlər üzrə isə 10 faizdən 5 faizə endirilməsi bu istiqamətdə görülən tədbirlərin göstəricisi hesab etmək olar. Belə ki, bu tədbir POS-terminallar ilə aparılan ödənişlərin ümumi nağdsız əməliyyatlardakı payının artmasına imkan verə bilər.

Ceyhun Piriyev, “İki sahil”