25 oktyabr 2022 16:21
844

“Bizim həyət” layihəsinin növbəti ünvanı… FOTO

IDEA-nın təşəbbüsü ilə Nərimanov rayonunda 700 sakinin yaşadığı həyət yenilənib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsinə uyğun olaraq aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nərimanov rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması uğurla davam etdirilir.

Oktyabrın 25-də “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Nərimanov rayonu,  Fətəli Xan Xoyski küçəsi 111, 111a, Əhməd Rəcəbli küçəsi 11 və 13 ünvanlarında 700 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən  və bir vaxtlar təmirsiz, baxımsız vəziyyətdə olan  bu həyət  indi müasir,  təmiz,  abad və rahat görkəm alıb.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbolstadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 3 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri,müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib,elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 210 ədəd müxtəlif cinsli ağaclar və minlərlə kollar əkilib, 1500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Yaşıl sədlər adi daşsarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir. Belə sədlərin əsasən ictimai yerlərin perimetrində, müvafiq olaraq hasarlar, söhbətgahlar və binaların üzərində əkilməsi nəzərdə tutulur ki, bunlar iynəyarpaqlı, həmişəyaşıl ağaclarla və digər bitkilərlə yanaşı, havanın çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək.

Bəs, bu yenilik, gözoxşayan dəyişiklik haqqında sakinlər nə düşünür?

“İki sahil” sakinlərin təəssüratlarını  təqdim edir.

Elə bil başqa aləmə düşmüşük

Artıq 53 ildir bu binanın sakini olan Tamilla Əhmədova bildirdi ki, həm uşaqların, həm gənclərin, həm də yaşlıların istirahəti üçün  həyətimizdə çox gözəl şərait yaradılıb: “Əvvəlki vəziyyətlə indikini müqayisə etdikdə elə bil başqa aləmə düşmüşük. Rayonumuzda görülən  belə genişmiqyaslı abadlıq işlərinə, xüsusilə də çoxmənzilli binaların  həyətlərinin təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya minnətdaram. Qonşularıma tövsiyəm odur ki, məhəlləmizin abadlaşması üçün çəkilən əziyyəti itirməyək. Gəlin,  hamımız həyətimizin gözəlliyini qoruyaq. “

Həkim kimi demək istəyirəm ki, burada sakinlərin sağlamlığı üçün də bütün zəruri işlər görülüb

50 ildən çoxdur ki, bu binanın sakini olan Vəli Xəlilov həyətlərinin abadlaşmasına görə çox sevinclidir: “Əvvəl həyətimiz bərbad vəziyyətdə idi. Məhəlləmizdə müasir standartlara uyğun rahat və gözəl şərait yaradılıb.  Yaradılan belə gözəl şəraitə, abadlığa, təmizliyə baxıb sevinirik. Yeni həyətimizdə uşaqlar üçün rəngarəng və maraqlı əyləncə zonası yaradılıb. Uşaqlarımız əylənir, yaşlılarımız isə dincəlir. Həkim kimi demək istəyirəm ki, burada sakinlərin sağlamlığı üçün də bütün zəruri işlər görülüb. Abadlaşan həyətimizdə çoxlu yeni ağaclar əkilib, yaşıllıqlar salınıb. Sakinlərimiz adından  həyətimizin gözəlləşməsində və yeniləşməsində  zəhməti olan hər kəsə təşəkkür edirəm.”

Bizim də borcumuzdur ki, yaradılan bu gözəl şəraiti qoruyaq

Sakin Nazilə Hüseynovanın sözlərinə görə, əvvəl binamızın həyəti bərbad vəziyyətdə idi: “Uşaqlarımızın oynamağı, yaşlılarımızın istirahəti üçün heç bir şərait yox idi. Həyətimizin hazırkı görkəmindən çox razıyam, burada çox gözəl işlər görülüb.  Ən  böyük dua “Allah razı olsun” kəlməsidir. Məhəlləmizin abadlaşmasında əməyi keçən hər kəsdən  də Allah razı olsun,  təşəkkür edirik. Bizim də borcumuzdur ki, həmrəy olub həyətimizdə yaradılan bu gözəl şəraiti qoruyaq.

Həyətimiz abadlaşarkən təkcə böyüklər yox, uşaqlar da nəzərə alınıb

Binanın yeni sakinlərindən olan Almaz Eyvazova vurğuladı ki, biz bir il öncə buraya köçəndə həyət çox bərbad  halda idi. Ağaclar hamısı qurumuşdu. Məhəllədə gəzmək, dincəlmək üçün şərait yox idi.  Artıq həyətimiz o qədər  gözəl, təmiz və abaddır ki, uşaqlarımız asudə vaxtlarını ancaq burada keçirirlər, evə gəlmək istəmirlər: “Həyətimiz abadlaşarkən təkcə böyüklər yox, uşaqlar da nəzərə alınıb. Burada övladlarımız üçün oyun zonaları yaradılıb.  Çox sevinirik ki, “Bizim həyət” layihəsinin növbəti ünvanı  bizim məhəlləmiz oldu. Belə gözəl şəraitin yaradılması üçün zəhmət çəkən hər kəsə minnətdaram.  Sakinlərimiz bu gözəlliyi  qorusunlar, səliqəli olsunlar. Yaşıllığa zərər verməsinlər, əksinə qulluq etsinlər.”

Apardığımız müşahidələr əsasında bu qənaətə gəldik ki, Nərimanov rayonu ərazisində abadlaşan və müasir görkəm alan həyətin sakinləri hazırkı vəziyyəti böyük razılıqla qarşılayırlar. Rayon sakinləri görülən işlərə görə ölkə başçısına, Nərimanov Rayon İcra Hakimiyyətinə öz  dərin minnətdarlıqlarını bildirirlər.

“Bizim həyət” layihəsinə əsasən yenilənən həyətlərin abad və gözəl görkəmini, təmizliyini qoruyub saxlamaq isə bundan sonra sakinlərin başlıca vəzifəsi olmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”